Dağlıq Qarabağa Suriya ermənilərinin qanunusuz köçürülməsi prosesi davam edir. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərindən kənarda yerləşən Qubadlının Xanlıq kəndində Suriya erməniləri üçün nəzərdə tutulan yeni çoxmənzilli yaşayış binasının tikintisi tamamlanmaq üzrədir. Tikinti işləri Amerika ermənilərinin yaratdığı “Tufenkyan” fondu tərəfindən maliyyələşdirilir. Bundan əvvəl də fondun ayırdığı pul hesabına işğal altındakı Xanlıq kəndində 37 evdən ibarət yaşayış məhəlləsi tikilib. 200 nəfərdən artıq sakini olan kənddə məktəb, bağça, tibb məntəqəsi, maşın-traktor stansiyası fəaliyyət göstərir.
Həkəri çayı sahilində yerləşən və kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpağa malik Xanlıq kəndi Ermənistan rəhbərliyi tərəfindən Qarabağın işğal altındakı cənub səmtində mühüm yaşayış məskəni kimi görülür. Modern.az işğalı altındakı kənddə aparılan tikinti işlərinin görüntülərini təqdim edir.