
Azərbaycan Hərbçi Jurnalistlər Birliyi yaradılsa da, hazırda fəaliyyəti o qədər də nəzərə çarpmır. Birliyin sədri Tamxil Ziyəddinoğlu fəaliyyətləri barədə Modern.az saytına danışıb.
O bildirib ki, birliyin fəaliyyəti Mətbuat Şurası və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib. Hazırda Müdafiə Nazirliyi ilə əlaqələrin qurulması istiqamətində fəaliyyətlərini davam etdirirlər:
“Müdafiə Nazirliyi ilə də əməkdaşlığa başlamışıq. Amma son dövrlərdə ölkədə QHT-lərlə bağlı xoşagəlməz hadisələr birliyin qeydiyyat məsələsini yubadır. Müdafiə Nazirliyinə birliyin idarə heyətinin siyahısını göndərmişik”.
Sədr heyətin tərkibində olan bəzi şəxslərin adını çəkib: “Bunlar tanınmış jurnalist Elşad Qoca, hüquqşünas Samir Məmmədov, ehtiyatda olan polkovnik-leytenant İbrahim İsgəndərovdur. Hazırda birliyin 23 üzvü var. Buraya jurnalistlər də daxildir”.
Tamxil Ziyəddinoğlu 20 istiqamətdə fəaliyyət göstərəcəklərini qeyd edib.
Onun sözlərinə görə, əsasən gənc yazar jurnalistlərə təlimatlar keçiriləcək: “Dövlət sirlərinin qorunması məsələsinə ciddi diqqət ayrılacaq. Bununla yanaşı, hərbi hissələrdə görüşlər təşkil olunacaq, veteranlarla bağlı məsələlər müzakirə olunacaq”.
Azərbaycan Hərbçi Jurnalistlər Birliyi 2012-ci ildə yaradılıb.
Məltəm TALIBZADƏ