
“Mənim Gürcüstana getməyimə hələ də imkan verilmir”. Bunu Modern.az-a açıqlamasında “Borçalı” Cəmiyyəti İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi onların fəaliyyətini xoşməramlı düşüncələrin əleyhinə olan bir davranış kimi qəbul edir: “Xarici vətəndaşlar haqqında qanunun 11-ci maddəsinə uyğun olaraq mənim Gürcüstana getməyimi oktaybr ayının 19-dan yasaq ediblər. Məndən əvvəl isə müavinim Salman Murğuzov Gürcüstana buraxılmaıyb. Biz hər hansı bir formada nə dövləti təhdid etmək, nə də vətəndaşların hüquqlarına, azadlıqlarına mane olmaq kimi əməllərin sahibi deyilik. Bu cür hadisələr medianın, minlərlə insanın gözünün qarşısında baş verir. Bir müddət əvvəl Türkiyədə bir toplantıya qatıldım. Orada Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak edirdi. Bir sıra əhəmiyyətli görüşlərimiz oldu. Bizim Gürcüstana buraxılmamağımıza görə, bütün türk dünyası narahatdır. Gürcüstanla yazışmalarımız davam edir”.
Zəlimxan Məmmədlinin fikrincə, Gürcüstana yaxın vaxtlarda getmək mümkün ola bilər: “Çox güman ki, ən yaxın zamanda akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Gürcüstana rəsmi görüşlər üçün bir heyətimiz gedəcək. Quberniya, Daxili İşlər Nazirliyi və hökumət səviyyəsində görüşlər keçirmək niyyətimiz var”.
Bir neçə ay bundan əvvəl cəmiyyətin Gürcüstanda keçirdiyi “Elat” tədbirlərinin məqsədi milli-mənəvi dəyərləri bərqərar etməkdən ibarət olsa da, Gürcüstan hakimiyyəti cəmiyyətə qarşı etimadsızlıq nümayiş etdirib.
Namidə BİNGÖL