“Türk dövlətinə qarşı Qərbin məkrli niyyətləri üzə çıxır”
Türkiyədə son günlərdə həyata keçirilən və Fətullah Gülənə yaxın şəxslərin həbsi ilə nəticələnən əməliyyat dünyada da diqqətlə izlənir. Xatırladaq ki, dekabrın 14-də səhər saatlarından başlayaraq Türkiyə polisi "paralel yapı" əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında çoxu media nümayəndəsi olan 35 nəfərdən artıq şəxsi həbs edib. Həbs olunanların sırasında "Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı, STV-nin baş direktoru Hidayət Karaca, həmçinin bu kanalda yayınlanan bir çox serialın direktoru, rejissoru, ssenaristi və aktyorları olub. Barəsində saxlanma qərarı çıxarılan şəxslərdən biri də "Bu gün” qəzetinin yazarı Nuh Gönültaşdır. Onlara qarşı "Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək, təşkilatlanmaq, eyni zamanda iftira, şəxsi azadlığından məhrum etmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb. Türkiyənin baş naziri Əhməd Davudoğlu 14 dekabrda saxlanılan media mənsublarının peşə fəaliyyətinə görə həbs edilmədiklərini deyib: " Hüquq dövləti olan Türkiyədə istintaq prosesləri yalnız qanunun tələbi üzrə aparılır. "Zaman” qəzetinin baş redaktoru, "Samanyolu” TV-nin rəhbəri və digər həbs olunan fikirlərinə görə deyil, konkret əməllərinə görə həbs edilib. Zaman gəldikcə istintaqla bağlı vətəndaşlara bilgi veriləcək. Həbslər saxlanan şəxslərin peşə fəaliyyəti ilə bağlı deyil”. Lakin ABŞ və Avropanın rəsmi dairələri Türkiyədə həyata keçirilən həbsləri pisləməklə bağlı çoxlu bəyanatlar yayıblar. "Sərhədsiz Reportyorlar", "Human Rights Watch" və digər beynəlxalq təşkilatlar da Türkiyəni qınayan bəyanatlarla çıxış ediblər. Türkiyə hökuməti isə həm beynəlxalq təşkilatların, həm də transmilli medianın məsələyə yanaşmasını ciddi tənqid edib, hadisələrə ikili standartlarla yanaşıldığını bildirib. Həqiqətən də Qərb dairələri nədənsə həbs olunanların cinayət əməlləriən nəzər salmayaraq, diqqəti yalnız Türkiyəyə təzyiq üzərində fokuslayırlar. Xatırladaq ki, son dövrlərdə Qərbin bəzi dairələrində Azərbaycana qarşı da analoji münasibət sərgilənir. Halbuki, Qərbin özündə son zamanlar azadlıqların pozulması halları daha geniş vüsət alıb. ABŞ-da isə hətta irqi ayrı-seçkilik tendensiyası yenidən genişlənir. Amma bununla belə həmin Qərb dairələri özlərində baş verən azadlığın pozulması kimi hallara göz yumurlar. Əvəzində türk dövlətləri hədəf seçilir. Bu təsadüfdür, yoxsa konkret məqsəd daşıyır?
Millət vəkili Fərəc Quliyev düşünür ki, burada heç bir təsadüfdən söhbət gedə bilməz. Bu addımlar Qərbin məsələyə qərəzli yanaşmasından qaynaqlanır: "İstər Azərbaycanda, istərsə də Türkiyədə, istərsə də bir başqa dövlətdə olsun, dövlət maraqlarını qorumaq üçün dövlət subyekti vardır. Bunlar onun üçün formalaşıb. Birisi jurnalist deyilsə, müəllim, həkimdirsə, dövlət maraqlarına qarşı çıxıb həbs olunursa, bu olar. Amma dövlət maraqlarına qarşı çıxan jurnalistin həbsi olmaz? Dövlətə qarşı zidd hərəkət etmək, hansısa vəsiqənin arxasında kiməsə bu imkanmı verilir? Bu, normal şey deyil. Azərbaycanın özündə QHT rəhbərləri, jurnalistlər qaydaları pozur, dövlət maraqlarını ayaqlayırlarsa, belə bir məqamda dövlətə xəyanətdə ittiham olunurlarsa, o jurnalist, tanınmış adam, deputat olduğuna görə, ona güzəşt olunmamalıdır. Qanun qarşısında hər kəs bərabər olmalıdır. Demokratiyanın, hüquqi dövlətin əsas prinsiplərindən biri də budur. ABŞ başda olmaqla Qərb ölkələri hüququn üstünlüyündən danışırsa, dövlət qanunlara hamının eyni tərzdə əməl etməsini istəyirsə, belədə onların göstərdiyi təpkinin heç bir yeri yoxdur.
Bu Qərbin məsələyə qərəzli yanaşmasıdır. Türkiyədə dövlət maraqları tapdanırsa, təhdid olunursa və ona qarşı tədbir görülürsə, o subyektin jurnalist, QHT rəhbəri, siyasi partiya lideri, deputat olmasının fərqi yoxdur. Dövlət maraqlarından üstün heç nə yoxdur. Ona görə də Türkiyədə baş verən hadisələri normal qəbul edirəm. Azərbaycanda da kimliyindən asılı olmayaraq, dövlət maraqları üzərinə gələn adamların cəzalanması məqbuldur, lazımdır. Dövlət güclü olmasa, xaos vəziyyətinə gəlib çıxar. Ona görə istər Amerika, istər digər dövlətlər olsun, bu məsələlərdə fərqli maraqlardan çıxış etdiklərinin, qərəzçiliyin fərqindəyəm və hesab edirəm ki, bu fikirlər Azərbaycan və Türkiyə tərəfindən nəzərə alınmamalıdır. Qərb burada konkret məqsədlər güdür”.
Rüfət NADİROĞLU