Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimlinin tərəfdarları arasında yaranan qovğaya münasibət bildirib.
Modern.az saytının məlumatına görə Arif Hacılı bu barədə özünün facebook hesabında yazaraq tərəfləri barışığa dəvət edib: “Cəmiyyətdə bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Böyük səylər, xərclənən vəsaitlər hesabına insanlar bir-birinin qanına susayıb. Sanki,cəmiyyətdə üzdə olan hər kəs digər beləsinə qarşıdır. Hər kəs hamını, hamı da hər kəsi satqınlıqda,hakimiyyətə işləməkdə, xəyanətdə, Azərbaycana düşmən olmaqda ittiham edir.
Atılan hər addım,deyilən hər söz,görülən hər iş dərhal şübhə altına alınır. Ən pisi isə odur ki, tabular götürülür.
Din də, qanunlar da,qəbul edilib min illər qorunan ənənələr də bu tabuları müəyyən etmək,bu yolla cəmiyyətdə normal qarşılıqlı davranış qaydaları yaratmaq üçündür.
Rauf Arifoğlu və "Yeni Müsavat"qəzeti ilə "Azadlıq" qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasınada qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib.
Zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır.
Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı mənim də xahişimi nəzərə alacağına,bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram.
Hər kəs əmin olsun ki, müxalifət düşərgəsində bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Demokratik düşərgənin hakimiyyətə qarşı mübarizə xəttinin biri də müxalifətin içindən keçir.
Bu cəbhə xəttini ləğv etməliyik!”.
Modern.az