Modern.az

“Şəki turizmi Bakıdan sonra ikinci yeri tutur” - MÜSAHİBƏ

“Şəki turizmi Bakıdan sonra ikinci yeri tutur” - MÜSAHİBƏ

Təhsil

19 Dekabr 2014, 12:48

Şəki Turizm İnformasiya Mərkəzinin direktoru: “Şəkini tarixi abidələrdən başqa, bir çox özəllikləri digər regionlardan fərqləndirir”

Şəki rayonunun turizm imkanları digər bölgələrlə müqayisədə heç də zəif deyil. Azərbaycanda turizmin indiki kimi inkişaf etmədiyi zamanlarda Avropanın bir çox ölkəsindən, xüsusilə Almaniyadan olan turistlər hətta qış aylarında da Şəkiyə gəlib istirahət etməyə üstünlük verirdilər. Son illər Şəkidə turizmin inkişafı ilə bağlı xeyli müsbət işlər görülüb, ilin fəsillərindən asılı olmayaraq indi də dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn turistlər istirahət etmək üçün buranı seçirlər. Təsadüfi deyil, çünki Şəki həm də qədim tarixi-memarlıq abidələri ilə əcnəbiləri cəlb edir. Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev Modern.az saytına müsahibəsində burada turizmin inkişafı ilə bağlı görülən işlərdən danışıb.

- Şəki daha çox hansı xüsusiyyətlərinə görə turistlərin diqqətini cəlb edir?

- Şəki ölkədə paytaxtdan sonra ən böyük turistik iqtisadi zona hesab olunur. Təbii ki, Şəkinin özünün qədim turizm tarixi var. Araşdırmalar göstərir ki, Şəkinin turizm tarixi XVI əsrə təsadüf edir. Burada əsas nəzərdə tutulan ticarət turizmidir. Şəki böyük İpək Yolunun üzərində yerləşdiyinə görə qədim dövrlərdən bu əraziyə maraq olub və bunun nəticəsində də XVIII əsrdə Şəkidə ticarət məqsədi ilə 5 böyük karvansaray tikilib. Məlumdur ki, Avropadan Çinə qədər uzanan böyük İpək Yolu Şəki ərazisindən keçib. Bu ərazi ipəyinə görə xarici tacirlərin həmişə marağını cəlb edib, həmin karvansaraylar da bu məqsədlə tikilib. Onlardan ikisi bu günə qədər qalır. Biz qeyri-statistik məlumatlarda görürük ki, XVIII əsrdə Şəkiyə həm yerli, həm də xarici olmaqla 1500-ə yaxın tacir gəlib-gedib. Bunu da turizmin bir növü kimi qeyd etmək olar. Şəkinin turizm tarixi belə səciyyələndirilir.

Şəki eyni zamanda Böyük Qafqaz Albaniyasının mərkəzi hesab olunur, bu da Şəkidə bir çox tarixi abidələrin (Qafqaz alban məbədlərinin) tikilməsinə səbəb olub. Onlardan biri hazırda Kiş kəndində yerləşən, Böyük Qafqaz Albaniyasının tarixi abidəsi hesab olunan Kiş Alban Məbədi bu gün də qalmaqdadır və demək olar bütün yerli və xarici turistlərin diqqətini cəlb edir. Şəkinin demək olar ki, hər bir guşəsində, kəndində Alban məbədlərinə rast gəlmək mümkündür.

Şəkinin şah abidəsi sayılan Şəki Xan Sarayı da yerli və xarici turistlərin diqqətini cəlb edir. Böyük türk şairi Nazim Hikmət qeyd edib ki, Azərbaycanın heç nəyi olmasaydı belə, Şəki Xan Sarayını bütün dünyaya göstərmək yetərdi. Ümumiyyətlə, Kiş Alban məbədi və Şəki Xan Sarayı dünya əhəmiyyətli tarixi abidələrdən hesab olunur.

Tarixi abidələrdən başqa, Şəkinin digər regionlardan fərqləndirən bir çox xüsusiyyətləri də var. Yerli əhalinin ləhcəsi, insanlara münasibəti turistlərdə xoş təəssürat yaradır. Bununla yanaşı, Şəkinin mətbəx mədəniyyəti də turistlərin dəyər verdiyi amillərdən biridir. Şəki pitisini, şirniyyatlardan Şəki halvasını və s. misal göstərmək olar ki, bunlar da turistlər tərəfindən müsbət qiymətləndirilir. Şəkinin coğrafi mövqeyi də turistlərin buraya olan marağını artıran amillərdən biridir. Həm florası, həm faunası ilə Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən gözəl bir şəhərdir. Dəniz səviyyəsindən 675 metr yüksəklikdə yerləşən regiondur. Bu, insanların xoş istirahət etməsinə, təmiz hava almasına şərait yaradan bir faktor kimi qeyd edilir.

- Şəkinin qədim tarixi, zəngin mədəniyyəti və digər dəyərləri turistlərə kifayət qədər ətraflı çatdırılırmı?

- Qeyd etdiyim kimi, Şəkinin qədim tarixi digər regionlarla müqayisədə fərqlənir. Bu gün Azərbaycana gələn xarici turistlərin böyük əksəriyyəti, təxminən 80 faizindən çoxu Şəki ərazisindən keçir. Çünki Şəki elə bir coğrafi mövqeyə malikdir ki, həm Gürcüstan, həm də Bakı istiqamətindən gələn turistlər mütləq bu ərazidən keçməlidirlər. Keçən əsrin əvvəllərindən etibarən turistlərlə işləyən mütəxəssis kimi deyə bilərəm ki, bütün turistlər bu ərazidən keçirlər və mütləq bir və ya iki gün burada qalmağa həvəs göstərirlər. Burada abidələrə baş çəkirlər, Şəkinin mətbəxindən, şirniyyatından dadmağa, səfalı təbiətini seyr etməyə həvəs göstərirlər. Təbii ki, buraya turistlər əsasən qruplar şəklində gəlirlər. İndividual gələn turistlər də olur. Qruplar şəklində gələn turistlər bələdçilər və tərcüməçilərlə təmin olunurlar. Bəzən isə özümüz Şəki Turizm İnformasiya Mərkəzi olaraq, bu işləri həyata keçirə bilirik. Yəni bizə müraciət edən yerli və xarici turistlərlə hərtərəfli işləyirik.

- Şəki qəbul etdiyi turistlərin sayına görə ölkə səviyyəsində təqribən neçənci yeri tutur?

- Belə desəm, yəqin ki, səhv etmərəm - Şəki turizmi Bakıdan sonra ikinci yeri tutur. Çünki Şəki turizmində mövsüm anlayışı bir o qədər rol oynamır. İlin istənilən mövsümündə Şəkidə yerli və xarici turistlərə rast gəlmək mümkündür. Şəki həm tranzit yolun üzərində yerləşdiyinə, həm də tarixi abidələrin sayının çoxluğuna görə bura maraq göstərən turistlərin sayı daha çox olur.

- Ötən illərlə müqayisədə bu il Şəkiyə gələn turistlərin sayında nə kimi dəyişikliklər var?

- Şəkidə turizm statistikasına nəzər saldıqda, sovet dövrü ilə müstəqillik əldə olunandan sonrakı dövrü müqayisə etdikdə görünür ki, son illərdə turizm sahəsi sürətlə inkişaf etməkdədir. Qarabağ müharibəsi başlamamışdan qabaq turistlərin sayı kifayət qədər çox idi. Daha sonra müharibə başladı, Sovet İttifaqı dağıldı və bu ərəfədə turistlərin sayında azalma müşahidə olundu. Ancaq müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı mərhələdə turizm sahəsi yenə də inkişaf etməyə başladı. Bu inkişaf həm daxili, həm də xarici turistlərin sayında özünü göstərir.

- Turistlərin bu qədim şəhərə olan marağını artırmaq və daha çox turist cəlb etmək üçün hansı tədbirlər görülməlidir?

- Gələn turistləri burada daha çox saxlamaq üçün adlarını çəkdiklərimdən başqa abidələrimiz də var. Məsələn, Daşbulaq kəndində yerləşən Alban Məbədini, Daşüz kəndində yerləşən Turizm Atçılıq Mərkəzini misal göstərmək olar. Bunlar həm də turistlərin tarixi abidələri ziyarət etmələri və Turizm Atçılıq Mərkəzində əylənmələri, vaxtlarını səmərəli keçirməsi üçün çox gözəl potensial imkanlardır. Bundan başqa, Şəkinin Fazıl kəndində unikallığı ilə seçilən labirint yeraltı muzey var. Bu muzeyə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri baş çəkiblər. Bu ərazilərə turist marşrutları təşkil etmək məqsədəuyğun olardı. Təbii ki, biz öz turist qruplarımızı həmin ərazilərə istiqamətləndiririk. Həmçinin Zəyzid, Baş Küngüt, Bideyiz kəndlərində də tarixi alban məbədləri qalmaqdadır. Bütün bu abidələrə onları istiqamətləndirmək çox məqsədəuyğun hesab olunardı. Ancaq bu məbədlərin təmirə, bərpasına ehtiyacı var. Bu abidələrə aparan asfalt yollar mövcud olsa da, onların yenidən qurulması vacibdir. Bütün bunlar Şəkiyə gələn turistlərin sayını artırmaq üçün lazım olan şərtlərdir. Belə olsa, gələn turist iki gün yox, hətta bir həftə qala bilər. Turistlərin sayının artması bizim regionun iqtisadi inkişafı üçün də əsas şərtlərdən biridir.

Bundan başqa, biz kəndlərdə kənd turizmini inkişaf etdirə bilərik. Bunun üçün kifayət qədər potensialımız var. Kənd turizmi, turizm ədəbiyyatında “Yaşıl Turizm” adlandırılır. Bu, Avropa və Asiya ölkələrində inkişaf etmiş turizm sahələrindən biridir. Son dövrlərdə “Yaşıl turizm” kəndlərimizdə də inkişaf etməkdədir. Kiş kəndində yerləşən Kiş Alban Məbədi yaxınlığındakı ərazidə turistlərin qalması üçün yerlər təşkil olunub, müəyyən işlər görülüb. Çünki turistlər burada daha çox olmaq, kəndlərə gedərək orada qalmaq, kənd həyatını yaxından tanımaq üçün maraq göstərirlər. Heyvandarlıq, əkin-biçin işləri, ümumiyyətlə, gündəlik kənd həyatı turistlər üçün tamamilə yeni, görmədikləri bir mənzərə yaradır. Şəxsən mən bir alman turist tanıyırdım, o hər il Şəkiyə gəlirdi. O, deyirdi: “Mən burada qalmaqdan həzz alıram”. Məncə, bunun səbəbi Şəkinin insanlarının qonaqpərvər, gülərüz, şirindilli olmasıdır. Çünki Şəki insanı evindəki ən yaxşı yeməyi qonağa verir, yorğan-döşəyin ən yaxşısını evin bir küncündə nə vaxtsa gələcək qonaq üçün ehtiyat saxlayır. Bütün bunlar turistlərdə xoş təəssüratlar yaradır.

- Turistlər Şəkinin ən çox hansı cəhətini bəyənirlər: qədimliyini, mədəniyyətini, mətbəxini, səfalı təbiətini, yoxsa qonaqpərvərliyini?..

- Qeyd etdiyim kimi, gələn turistlər həm tarixi abidələrə, həm zəngin mətbəximizə, həm də səfalı təbiətimizə böyük maraq göstərirlər. Ancaq turistlərə Şəkini ən çox sevdirən amil insanların qonaqpərvərliyidir. Adi bir nümunə göstərmək olar, bazara girən hər hansı bir turist buradan heç nə almasa belə, satıcıların gülərüzlü olması, “götür, dadına bax” kimi isti münasibətləri ilə rastlaşır və bu onlarda xoş əhval yaradır.

- Adətən, yerli adamlar Azərbaycandakı istirahət məkanlarında qiymətlərin yüksək olmasından gileylənirlər. Şəkidə turistlərin istirahətə görə ödədikləri məbləğ (otellərdəki xidmət) onları qane edir mi?

- Şəhərimizə gələn idmançıları, diplomatları, biznesmenləri də turistlərin siyahısına aid etmək olar. Belə turistlər üçün qiymət o qədər də vacib deyil. Lakin, sadəcə, istirahət üçün gələn turistlər əsasən ucuz yerlərdə qalmağa üstünlük verirlər. Belə turistlər onları qəbul edən evlərdə, həmçinin istirahət məkanlarında tikilən kotteclərdə qalmağa üstünlük verirlər. Qrup şəklində gələn turistlər isə adətən “Şəki Saray” otelində, “Şəki Palace” otelində qalmağa üstünlük verirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı