Modern.az

Brejnevin mükafatları - Siyahıda təkcə “Qəhrəman Ana” yoxdur

Brejnevin mükafatları - Siyahıda təkcə “Qəhrəman Ana” yoxdur

Təhsil

19 Dekabr 2014, 20:57


19 dekabr Brejnevin doğum günüdür. 1906-cı ildə Ukraynanın Dneprodzerjinski şəhərində anadan olan Leonid İliç 18 il Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi olub. SSRİ tarixində durğunluq illərinin müəllifi kimi iz qoymuş Brejnev həm də öz əyləncələri, ov şakəri, avtomobil həvəskarı, qadınlara məhəbbəti, yağlı öpüşləri ilə yadda qalıb. Və bir də sayı hesabı bilinməyən mükafatları ilə...

Modern.az saytının məlumatına görə, 1991-ci ildə Brejnev dünyanın ən çox mükafat alan adamı kimi Ginnesin Rekordlar kitabına düşüb.

Baş katibin mükafatlarının dəqiq sayını müəyyənləşdirmək Brejnevin həyatı və siyasi fəaliyyətini araşdıranlar üçün də əməlli başlı müşkülə çevrilib. Təltiflərin sayının müxtəlif rəqəmlərlə əks olmaları da bunu bir daha sübut edir. Mükafatların sayı 114-dən başlayaraq 200-ə qədər göstərilir. Rəqəmlərin fərqli olmasına baxmayaraq araşdırmaçıların ortaya çıxardıqları faktlar çox maraqlıdır.

Maraqlı faktlardan biri odur ki, “Qəhrəman Ana” adından başqa Brejnev demək olar ki, bütün mükafatlarla təltif olunub.

Brejnev SSRİ-də yeganə dövlət xadimi olub ki, 5 dəfə Qızıl medalla, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı, 1 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.


Leonid İliçin mükafat kolleksiyasında SSRİ-nin aşağıdakı ən yüksək ordenləri yer alıb:

8 “Lenin” ordeni

“Qələbə” ordeni

2 “Oktyabr İnqlabı” ordeni

2 “Qırmızı Bayraq” ordeni

1-ci dərəcəli “Vətən müharibəsi” ordeni

2-ci dərəcəli “Boqdan Xmelintski” ordeni

“Qızıl Ulduz” ordeni

Kolleksiyanın digər tərəfini SSRİ-nin yüksək medalları bəzəyib:

“Döyüş xidmətlərinə görə” medalı

“Odessanın müdafiəsinə görə” medalı

“Qafqazın müdafiəsinə görə” medalı

“Varşavanın azad edilməsinə görə” medalı

“Vyananın azadlığına görə” medalı

“1941-1945 illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı

“1941 – 1945 illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə” medalı

“Cənub qara metallurgiya müəssisələrinin bərpası uğrunda” medalı

“Leninqradın 250 illik yubileyinin xatirə” medalı

“Kiyevin 1500 illik yubileyinin xatirə” medalı

“SSRİ Silahlı Qüvvələrinin 40 illiyi” medalı

“SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” medalı

“SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” medalı

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” medalı

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalı

“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə” medalı.

Leonid İliçin SSRİ “məhsulları” olan digər mükafatları da olub. Baş katib Lenin mükafatına layiq görülüb. Onu “Mauzer” tipli fəxri silah, üzərində SSRİ-nin dövlət gerbi həkk olunmuş fəxri qılıncla da sevindiriblər. Bununla yanaşı qızıl və brilyant daşlarla işlənilmic Sovet İttifaqının Marşalı rütbəsi də Brejnevə hədiyyə olunub.

Brejnev SSRİ-nin bu “səxavəti” ilə kifayətlənə bilməyib. O, Argentinanın, Əfqanıstanın, Bolqarıstanın, Macarıstanın, Vyetnamın, Almaniyanın, İndoneziyanın, Yəmənin, Koreyanın, Kubanın, Monqolstanın, Perunun, Polşanın, Rumıniyanın, Finlandiyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın ən ali mükafatlarını da öz kolleksiyasına daxil etməyə imkan tapıb.

Brejnev sevimli “oyuncaqlar”ını kitelə taxanda kitelin çəkisi 6 kiloqrama çatıb. Təbii ki, o mükafatların yalnız çox kiçik bir qismini kitelin üzərinə yerləşdirə bilib.


SSRİ-də elə mükafat olub ki, onu yalnız Brejnev üçün təsis ediblər. 1981-ci ilin oktyabr ayında Leonid İliçin Kommunist Partiyasına daxil olmasının 50 illiyi tamam olanda ona “Sovet İttifaqı Kommunist Partiyasında 50 il” fəxri nişanı təltif olunub.

Maraqlı faktlardan biri odur ki, təkcə 75 illik yubileyində Brejnev 8 xarici dövlətin 13 ali mükafatını alıb.

Həmin dövrlərdə Leonid İliçin təltifləri ilə bağlı xalq arasında yarıciddi, yarızarafat lətifələr geniş yer alıb. Onlardan birini xatırlamaq yerinə düşərdi.

Növbəti mükafatı Brejnevə təqdim etdikdən sonra o mikrafon qarşısına keçir:

- Yoldaşlar, qulağıma hərdən belə sözlər çatır ki, guya mən dövlət təltiflərini çox sevirəm və onlardan heç vaxt imtina etmirəm. Xeyr, heç də belə deyil. Mən bu yaxınlarda Mavritaniya dövlətinin ən ali mükafatı olan buruna taxılan qızıl həlqədən imtina etmişəm.

Zaman və tarix də Brejnevi mükafatsız qoymadı. Tarix Leonid İliçin bu mükafatların hansına layiq olub olmadığını sübut etdi.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı