Modern.az

Xocavənd köçkün rayonları arasında birinci yeri tutdu

Xocavənd köçkün rayonları arasında birinci yeri tutdu

Education

20 Dekabr 2014, 12:49


Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Xocavənd rayonu 2 saylı tam orta məktəb  2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi  olub.

Sözügedən təhsil ocağı məcburi köçkün rayonlarının məktəbələri arasında bu ada layiq görülən yeganə məktəbdir.

Xocavəndin 2 saylı tam orta məktəbi  Bakı şəhər Suraxanı rayonunun  Qaraçuxur qəsəbəsində yerləşir.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Modern.az saytına açıqlamasında belə müsabiqənin qalibləri siyahasında olduqları üçün qürur duyduğunu deyib.

O , həmçinin məktəb haqda geniş məlumat verib:

- Bu təhsil müəssisəsi 2000-ci ilin sentyabr ayından ibtidai məktəb kimi fəaliyyətə başlayıb. 2005-ci ildən isə orta məktəb kimi fəaliyyət göstərir. 2014-2015-ci il dərs ilində məktəbdə 18 sinif komplektində 261 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 34 nəfər müəllim məşğul olur. Məktəbin məzunları həm buraxılış imtahanlarında yüksək nəticə göstərir, həm də  hər il yüksək bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə daxil olurlar. 2013-2014-cü tədris ilində  3 məzun 600 baldan yuxarı bal toplamışdı.  Həmin tədris ilinin  məzunlarından biri – məktəbi qızıl medal ilə bitirmiş Cavadzadə Nuranə Şahin qızı 680 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olunmuş və prezident təqaüdünə layiq görülmüşdür”.

TQDK-nın statistik məlumatlarına görə, məzunların ali məktəbə qəbul faizinə görə Xocavəndin 2 saylı tam orta məktəbi  respublika üzrə birinci onluqda səkkizinci yeri tutub.  

Orta məktəbin şagirdləri respublika fənn olimpiadalarında, Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi inşa-yazı müsabiqələrində, “Bayrağımız qürur mənbəyimizdir”, “Fövqəladə Hallar şagirdlərin gözü ilə” respublika rəsm müsabiqələrində diplom və tərifnamələrə layiq görülüblər.  

Məktəbin direktoru İmanova Mehriban Yusif qızıdır. 

Xocavənd rayonu 2 saylı tam orta məktəbin yerləşdiyi bina avtobazanın inzibati binası olub. Əvvəli uçuq-sökük, qapı-pəncərəsi və döşəməsi yox, dam örtüyü yararsız, divarlar uçub-dağılmış vəziyyətdə idi. Hazırda məktəb tam təmir olunub.  


Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı