“Olur, olur, belə işlər də olur” silsiləsindən
Rayonun adlı-sanlı və imkanlı adamlarından sayılan Əliş Hətəmovun ad günü münasibəti ilə düzənlənən məclisə kimlər çağırılmamışdı – söyüdlü arxın kənarında dörd cərgə sıralanan stolun ətrafında rayonun demək olar bütün vəzifəliləri əyləşmişdi. Süfrədə də necə deyərlər, quş iliyi, can dərmanı adına cürbəcür təamlar, şirniyyat, növbənöv içkilər yeyib-içən kişilərə gəl-gəl deyirdi.
İş adamları, idarə müdirləri, paqonlu-paqonsuz hökm sahibləri növbə ilə Hətəmovun sağlığına badə qaldırır, ona dünyanın ən şirin neməti olan cansağlığı, imkan genişliyi, qəlb rahatlığı, məmur sayıqlığı, eşq, məhəbbət macəralarında təpər arzulayır, dostlarının, ailəsinin yanında daim üzüağ olması üçün dualar yağdırırdılar.
Hətəmov deyilən xoş sözlərdən məmnun halda arabir gülümsəyir, söyləyəcəyi cavab nitqləri üçün dürlü-dürlü sözləri çeşidləyir, ara-sıra başını tərpətməklə məclis əhlinə razılığını çatdırırdı. Birdən gözünə rayonda hamının sadəcə “şair” kimi çağırdığı Əfzələddin müəllim dəydi. Ha fikirləşdi ki, bunu məclisə kim çağırıb, yadına düşmədi. Sonra müəllimin öz arvadı ilə bir məktəbdə işlədiyini xatırladı; “arvadda ürəyə bax ey, mənə deməmiş bu armud qaxacına oxşayan düdüyü məclisimə dəvət edib” - deyə xəyalından keçirdi. Hətəmov ötkəm səslə dilləndi: - Əfzələ, dur bir yanıma gəl, səndən bir şey soruşacam.
Müəllim cəld hərəkətlə Hətəmovun yanında peyda oldu.
- Buyur, başına dönüm, sağlıqmı deməliyəm? Hazıram, qağa...
- Yox ey, işdə arvada danışmısan, o da mənə nağıl eliyib. Üç-dörd gündür məni də ağladırlar. Ürəyim kövrəkdir axı, bilirsən. O şirlə ceyranın məsələsini deyirəm, internetdə görmüsən, məktəbdə də birinin üstünə beşini qoyub danışmısan. Arvad da evdə bəzəyib-düzəyib elə danışır ki, şaxsey-vaxsey qopur.
- Hə, ay Hətəmov, məsələ belə olub da, savannada şirin gözü bir ceyranı tutur, başlayır bu yazıq heyvanı qovmağa. Nə isə, çatır, parçalayır bu ceyranı. Ceyran da məni bağışla, bizim dillə desə, hamilə imiş. Şir heyvanı parçalayan kimi bala çıxır qarnından, özü də dipdiri, muncuq kimi. Şir necə peşiman olur, necə dilxorçuluq keçirir, bir Allah bilir. Ölmüş ceyrana da, onun diri balasına da əlini vurmur. Nəfisini basıb balanı sığallayır, qurudur, nazını çəkir. Hətta kənardan ceyranı görüb hücüm çəkən şiri də qovub kənara ötürür.
Hətəmov əlini göyə qaldırıb iniltili səslə hayqırır.
Ə kiri, nəfəsimi kəsdin axı, ay insafsız. De qurtar, qırılıb batdıq axı...
- Hə, yoldaş Hətəmov, uzun məsələdir. Sağ olsun xarici operatorları, elə çəkiblər ki, elə bil teatırdır. Başına dönüm, demək, şir parçalanmış ceyrana və onun diri balasına əl vurmur, körpə ceyranın keşiyində durur. İnsafa bax ey sən Allah. Görünür, qurban olduğumdan bu səda gəlib, başqa necə ola bilər... Sonda nə olub, onu da deyimmi? Məclisə qanqaralıq salmaq istəmirəm axı...
- Ay müəllim, Allah nəfəsini kəssin, peşiman oldum səndən bir məsələnin məğzini soruşdum. Nöqtə qoy, yemək soyuyur, qonaqlar da səni gözləyir axı, incitmə bizi.
- Yoldaş Hətəmov, sonu belə qurtarır, orada nə olub, düzünü deməliyəm. Şir ovuna əl vurmur, ürəyi yana-yana bala ceyranı əzizləyir, əzizləyir və qəfil ürək tutmasından ölür. Imanım Allaha əmanət, şirin ürəyi yüz faiz xəcalətindən partlayıb.
- Ə nə danışırsan, lap əməlli-başlı ölüb getdi hə... Qurban olum Allaha, nahaq qan yerdə qalmaz, bax buna deyərlər.
- Hətəmov bayaqdan əlində saxladığı badəni başına çəkib ucadan – vicdanlı və şərəfli şirlərimizə can qurban, ölsə də ad qoydu getdi, - deyə qışqırdı.
Elə bu vaxt yemək-içmək məsələlərinə başçılıq edən Həşim kişi Hətəmova yaxınlaşdı.
- Müdir, başına dönüm, dünən gətizdirdiyin ceyranın ətindən yaxşı bir soçnı kabab bişirtdirmişəm, verəkmi süfrəyə?...