Horadiz şəhərində “Telnar” şadlıq sarayında 8 Mart Qadınlar Günü münasibəti bayram tədbiri keçirilib. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadın, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edərək, rayon qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, bu siyasətin nəticəsidir ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda bələdiyyələrdə də uğurla təmsil olunurlar. Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətini diqqətə çatdırıb. Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirdə bir qrup qadına YAP-ın üzvlük biletləri və fəxri fərmanlar verilib. Sonda rayon Dram Teatrı tərəfindən hazırlanmış xüsusi səhnələr nümayiş olunub, bayram konserti təşkil olunub.

