Rezidenturaya qəbul üzrə boş qalan plan yerləri üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 19 namizəddən 12-si rezidenturaya qəbul olunub.
Modern.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, müsabiqə 181 boş plan yeri üzrə aparılıb. Nəticədə plan yerlərindən yalnız 12-si tutulub, 169 yer isə yenidən boş qalıb.
Namizədlər müsabiqənin nəticələrini [DİM-in internet saytından](//eservices.dim.gov.az/2026/netrezmus2) öyrənə bilərlər.
Nəticələri mobil telefon vasitəsilə də əldə etmək mümkündür. Bunun üçün namizədlər “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan yeddi rəqəmli kodu Azercell, Bakcell və ya Nar nömrəsindən 7727-yə göndərməlidirlər.
Rezidenturaya qəbul olunanların qeydiyyatı yalnız “my.gov.az” portalı vasitəsilə aparılacaq. Qeydiyyat sentyabrın 15-i saat 15:00-da başlayacaq və sentyabrın 22-si saat 18:00-da başa çatacaq.
Qəbul olunan şəxslər göstərilən müddətdə qeydiyyatdan keçmədikdə, bu, onların yerləşdirildikləri ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək. Həmin şəxslər qəbul olunanların siyahısından çıxarılacaqlar.