Modern.az

Müəllimlərin sertifikasiyasında yeni qaydalar tətbiq olunacaq

Müəllimlərin sertifikasiyasında yeni qaydalar tətbiq olunacaq

Təhsil

Bu gün, 16:09

"Sertifikasiyanın ikinci mərhələsində müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq".

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzEdu.az-ın sualını cavablandırarkən deyib.

Nazir sertifikasiyanın ilk beşillik mərhələsinin nəticələrini də qiymətləndirib:

“Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün müsbət addım idi və inanıram ki, nəticələrini dərhal yox, bir az sonra görəcəyik. Çünki hələ 2024-cü ildən başlayaraq ilk dəfə olaraq ibtidai təhsilə gedən uşaqlarımızın, demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris olunur”, – Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq.

“Bizim təbii gözləntimiz odur ki, zaman etibarilə müəllimlərdən olan tələblərimiz də artacaq. Çünki zamanın tələbləri artır və biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”, – nazir deyib.

Emin Əmrullayev bildirib ki, yaxın həftə və aylarda Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək:

“Artıq ikinci dəfə sertifikasiyaya cəlb olunan müəllimlər üçün müəyyən mənada yeni çərçivələr olacaq, yeni qiymətləndirmə çərçivələri. Bunlar əsaslı şəkildə əvvəlkindən fərqlənməsə də, müəyyən fərqlər olacaq. Çünki öyrəndiyimiz dərslər var. Anlayırıq ki, bizim harada boşluqlarımız var, harada boşluğumuz varsa, ora daha çox diqqət yetirəcəyik”, – deyə nazir qeyd edib.

Nazir xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarının ön plana çəkiləcəyini vurğulayıb.
“Xüsusilə ibtidai sinifdə bu, oxu ağırlıqlı olacaq. Bizim üçün çox vacibdir ki, ibtidai sinifdə tədris edən müəllimlərimizin özlərinin oxuyub-anlama bacarıqları yüksək olsun. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər. Öyrədə bilməyəndə uşaqların oxuyub-anlaması aşağı düşür, nəticə etibarilə cəmiyyətin rifahı aşağı düşür”, – Emin Əmrullayev bildirib.

O, yeni mərhələdə sualların sadəcə çətinləşdirilməsinin nəzərdə tutulmadığını da açıqlayıb:

“Bu o deməkdirmi ki, suallar çətinləşəcək? Yox. Sadəcə olaraq daha çox fokus ora olacaq. Çünki indi onsuz da sistemdə qalan, yəni sertifikasiyada uğur qazanan müəllimlərimizin böyük əksəriyyəti arasında yüksək nəticə göstərən xeyli insan var”, – nazir deyib.

Emin Əmrullayev qeyd edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.

Nazir AzEdu.az-ın Çağırışaqədərki hazırlıq fənn müəllimlərinin sertifikasiyaya cəlb olunub-olunmayacağı ilə bağlı sualını da cavablandırıb:

“Çağırışaqədərki hazırlıq məsələsində məsələ nədən ibarətdir? Onlarla bağlı müəyyən məqam budur ki, bu, çox spesifik bir sahədir və təhsillə yanaşı, həm də hərbi hazırlıq məsələsidir. Yəqin ki, burada aidiyyəti qurumlarla məsləhətləşmələrə ehtiyacımız olacaq ki, bunun hansı formatda aparılması daha düzgündür”, – nazir bildirib.

Emin Əmrullayev bu müəllimlərin əməkhaqqı məsələsinin sertifikasiya ilə mütləq şəkildə əlaqələndirilməsinin vacib olmadığını da deyib:

“Ola bilər ki, bunu sertifikasiya aparmadan da biz nəzərə ala bilək. Çünki bu istiqamətdə təhsil verənlərin və ya rəhbərlərin böyük hissəsi, məsələn, kifayət qədər yüksək rütbəli zabitlərimizdir, Vətən müharibəsi iştirakçılarıdır və s. Bizim burada yanaşmamız bir qədər fərqlidir. Düşünürük ki, o yanaşma fərqlərini hansı formatda qoruyacağıq. Amma eyni zamanda anlayırıq ki, həmin vəzifədə işləyən insanların da vəzifələri artmalıdır”, – Emin Əmrullayev qeyd edib.

Nazir Çağırışaqədərki hazırlıq fənn müəllimlərinin mütləq sertifikasiyaya cəlb olunması ilə bağlı hazırda konkret mövqe bildirmək istəmədiyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?