Modern.az

TBMM spikerliyinə 7 namizəd: Onlar kimlərdir? - SİYAHI

TBMM spikerliyinə 7 namizəd: Onlar kimlərdir? - SİYAHI

7 İyun 2023, 11:45

Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən formalaşmış 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə partiyalar tərəfindən 7 namizəd irəli sürülüb.

 

Modern.az xəbər verir ki, namizədlər aşağıdakılardır:

 

Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) dəstəklədiyi İstanbulun deputatı Numan Kurtulmuş

 

 

1959-cu ildə Ordu vilayətində anadan olub. 1988-ci ildə Sevgi Kurtulmuşla ailə həyatı qurub. Ayşe, İsmail və Emir adında 3 övladı var. İngilis dilini bilir. İstanbul İmam Hatip Liseyinin məzunudur. Ali təhsilini İstanbul Universitetində menecment ixtisası üzrə alıb. Bir müddət ABŞ-da və Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Bir neçə kitab və elmi məqalənin müəllifidir. Siyasi həyatını Fəzilət Partiyasında başlayıb, İstanbul vilayət təşkilatının sədri, Mərkəzi İdarə Heyətinin üzvü olub. Bu partiya qapadıldıqdan sonra Səadət Partiyasına üzv olub və 2008-ci ildə partiyanın sədri seçilib. 2010-cu ildə Səadət Partiyasından istefa verərək Xalqın Səsi Partiyasını (HAS) qurub. Partiya 2011-ci ildə keçirilən parlament seçkilərində 0.77 faiz səs toplayıb. 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə HAS Partiya və AKP birləşib. Bundan sonra Kurtulmuş AKP sədrinin müavini, daha sonra isə Ahmet Davutoğlu və Binali Yıldırımın baş nazir olduğu dövrdə hökumət başçısının müavini və sözçüsü postunu tutub. Həmçinin Kurtulmuş 2017-2018-ci illərdə Türkiyənin mədəniyyət və turizm naziri kimi də fəaliyyət göstərib.

 

Cümhuriyyət Xalq Partiyasının (CHP) irəli sürdüyü Ankara millət vəkili Tekin Bingöl

 

 

1955-ci ildə Bitlis vilayətində doğulub. Hacettepe Universitetinin tibb fakültəsinin məzunudur. Bir müddət öz ixtisası üzrə çalışıb, daha sonra özəl sektorda şirkət rəhbəri olub. Evlidir, 3 övladı var. İngilis dilini bilir. CHP-də baş katibin müavini postunu tutub. 2014-cü ildən bəri Cümhuriyyət Xalq Partiyasının sədr müavinidir. 2007-ci ildən Türkiyə parlamentinin deputatıdır. 2015-ci ildə iki seçki arasındakı dövrdə azlıq hökuməti qurmaq üçün baş nazir Ahmet Davutoğludan nazir olmaq təklifi alıb, lakin digər CHP deputatları ilə birlikdə təklifi rədd edib.

 

İYİ Partiyanın irəli sürdüyü İstanbulu təmsil edən parlamentari Cihan Paçacı

 

 

1949-cu ildə Malatya vilayətində anadan olub. Evlidir, 2 övladı var. İngilis dilini bilir. Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının məzunudur. "Şekerbank", "Etibank", "Halkbank", "Ziraatbank"da rəhbər vəzifələrdə təmsil olunub. Milliyyətçi Hərəkat Partiyasından 20, 21 və 23-cü çağırışlarda deputat seçilib. 2003-2011-ci illərdə MHP-nin baş katibi kimi fəaliyyət göstərib. 2018-ci ildə İYİ Partiyaya üzv olub. 2019-cu ilədək partiyanın baş katibi olub. Hazırda İYİ Partiyanın institusional əlaqələr şöbəsinin rəhbəridir.

 

Yaşıl Sol Partiyanın dəstəklədiyi Adana deputatı Tülay Hatimoğulları Oruç

 

 

1977-ci ildə Hatay vilayətində anadan olub. Anadolu Universitetinin iqtisad fakültəsini bitirib. Sosialist təmayüllü siyasətçi Yaxın Şərq Ərəb Xalqları Araşdırma İnstitutunun rəhbərliyində təmsil olunub. Bir müddət qadın hüquqları və insan haqları sahəsində fəaliyyət göstərib. 2016-2018-ci illərdə Sosialist Yenidən Quruluş Partiyasının (SYKP) həmsədri olub. 2018-ci ildə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilib, parlamentin xarici əlaqələr komissiyasının üzvü olub. Hazırda HDP-nin Mərkəzi İdarə Heyətinin üzvü və partiya həmsədrlərinin müavinidir.

 

Türkiyə Fəhlə Partiyasının irəli sürdüyü, hazırda Gəzi olayları ilə əlaqədar həbsdə olan Hatay millət vəkili Can Atalay

 

 

1976-cı ildə İstanbul vilayətində doğulub. Mərmərə Universitetinin hüquq fakültəsinin məzunudur. Bir müddət NTV telekanalının hüquq departamentində çalışıb. Daha sonra vəkillik fəaliyyəti göstərib. Paralel olaraq siyasi aktivist kimi proseslərdə iştirak edib. O, bir çox səs-küylü və ictimai rezonans doğuran məhkəmə işlərində vəkil olub. Gəzi olayları ilə bağlı həbs edilən Atalaya daha sonra - 2022-ci ildə 18 illik həbs cəzası verilib. Sonuncu parlament seçkilərində, həbs müddəti davam edərkən Türkiyə Fəhlə Partiyasının proporsional siyahısından Hatayın deputatı seçilib. Lakin hələ ki azadlığa buraxılmayıb.

 

DEVA Partiyasının dəstəklədiyi İstanbulu təmsil edən deputat Mustafa Yeneroğlu

 

 

1975-ci ildə Bayburt vilayətində anadan olub. Evlidir, 3 övladı var. Alman və ingilis dillərini bilir. 1 yaşında ailəsi ilə birlikdə Almaniyanın Köln şəhərinə köçüb. Köln Universitetində hüquq fakültəsini bitirib. 1987-ci ildən bəri vətəndaş cəmiyyətində aktiv şəkildə fəaliyyət göstərib, iki jurnal nəşr etdirib. Hüquqşünas və vəkil olub, diaspor üzrə məsul dövlət qurumunda müxtəlif vəzifələr tutub. 2015 və 2018-ci illərdə AKP-dən deputat seçilib, partiyanın Mərkəzi İdarə Heyətinin üzvü olub. 2019-cu ildə AKP-dən istefa verib və 2020-ci ildə qurulan DEVA Partiyasına qoşulub.

 

Gələcək və Səadət Partiyalarının irəli sürdüyü Antalya deputatı Serap Yazıcı Özbudun

 

 

1962-ci ildə Ankarada anadan olub. 13 yaşında ailəsi ilə birlikdə ağır yol qəzası keçirib. O, həmin qəzada anasını və görmə qabiliyyətini itirib. Ankara Universitetinin hüquq fakültəsinin məzunudur. Daha sonra Böyük Britaniyanın Bristol Universitetində təhsilini davam etdirib. Müxtəlif ali təhsil ocaqlarında hüququ tədris edən xanım siyasətçi hazırda Gələcək Partiyasının sədr müavini və insan hüquqları qurumunun rəhbəridir. 

 

Qeyd edək ki, yeni spikerin seçilməsi üçün deputatlar arasında gizli səsvermə keçiriləcək. İlk iki turda namizədlərdən birinin seçilə bilməsi üçün 400 deputatın səsi tələb olunacaq. Bu mümkün olmazsa, səsvermənin üçüncü turu keçiriləcək və 301 səs kifayət edəcək. Seçki dördüncü tura qalarsa, ən çox səs toplayan namizəd sədr seçiləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər