Modern.az

Pekin-Vaşinqton qarşıdurması daha da alovlanacaq - ŞƏRH

Pekin-Vaşinqton qarşıdurması daha da alovlanacaq - ŞƏRH

Dünya

4 Avqust 2023, 12:18

Çin parlamentinin xarici əlaqələr barədə qəbul etdiyi yeni qanun yerli və xarici ekspertlərin diqqət mərkəzindədir. Çünki Çində keçmiş illərdə oxşar qanun qəbul edilməyib. Yeni qanuna görə, Qərbin müxtəlif sanksiyaları ilə üzləşən yerli şirkətlərin maraqları həm ölkə daxilində, həm də ölkə xaricində qorunacaq. Yeni qanun Pekinin ölkənin suverenliyinə və təhlükəsizliyinə artan diqqətindən xəbər verir. 

 

Modern.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu dünyanın siyasi gündəmini şərh edərkən bildirib.

 

Politoloqun fikrincə, Pekin həmin şirkətlərin Qərb ölkələrində üzləşə biləcəyi hüquqi problemlərin həlli ilə məşğul olacaq.

 

“Yeni qanuna görə, Qərb ölkələrinin müxtəlif sanksiyaları ilə üzləşən Çin şirkətlərinə maliyyə və hüquqi dəstək veriləcək. Misal üçün ABŞ Rusiyaya strateji məhsullar satan Çin şirkətlərinə müxtəlif sanksiyalar tətbiq edib. Pekin yeni qanuna görə həmin şirkətləri həm təzyiqdən qorumağa çalışacaq, həm də maliyyə dəstəyi verəcək. Pekin eyni zamanda həmin şirkətlərin Qərb ölkələrində üzləşə biləcəyi hüquqi problemlərin həlli ilə də məşğul olacaq. Yeni qanun Çində fəaliyyət göstərən xarici şirkətlərə müəyyən çətinliklər yaradacaq. Həmin şirkətlər vaxtilə Asiya bazarında yer tutmaq və ucuz işçi qüvvəsindən istifadə etmək üçün Çində müəssisələrini açmışdılar. Yeni qanunla Pekin Çində fəaliyyət göstərən xarici şirkətlər və satdıqları məhsullar üzərində nəzarəti gücləndirəcək. Bu Pekinlə Çində fəaliyyət göstərən xarici şirkətlər arasında gərginlik yaradacaq. Xarici şirkətlər Çin Kommunist partiyasının direktivləri əsasında fəaliyyət göstərmək istəmirlər. Xarici şirkətlər Çin parlamentinin yeni qanuna tabe olsalar, öz ölkələrində problemlərlə üzləşəcəklər. Oksford Universitetinin professoru Corc Maqnasın fikrincə, Qərb ölkələri Çin parlamentinin yeni qanununu Pekinin aqressiv diplomatiyasının tərkib hissəsi kimi qiymətləndiriblər”,-deyə o bildirib.


E.Şahinoğlunun sözlərinə görə, Pekin yeni qanuna ona görə ehtiyac duyub ki, ABŞ-ın sanksiyaları ilə üzləşən Çin şirkətləri dövlətin hüquqi dəstək mexanizmlərinə malik deyil:

 

“Yeni qanunla durum dəyişməlidir. Honkonqda nəşr olunan “South China Morning Post” qəzeti Pekinin Vaşinqtonun ssiyasətinə bənzər siyasətə üstünlük verdiyini yazıb. Vaşinton da Amerika şirkətlərini həm ölkə daxilində, həm də ölkə xaricində təzyiqlərdən qoruyur. Pekin da yeni qanunla şirkətlərini yalnız Çində deyil, fəaliyyət göstərdiyi xarici ölkələrdə də dəstəkləyəcək. Ekspertlərin fikrincə, Çin lideri Tsi Cinpin yeni qanunla ölkə təhlükəsizliyini gücləndirməyə çalışır. Yeni qanun Tsi Cinpinin həyata keçirdiyi təhlükəsizlik siyasətinin tərkib hissəsidir.Beləliklə, Pekin Qərblə mübarizənin yeni mərhələsinə daxil olub. Pekin keçmiş illərdə özünə aid olmayan qlobal problemlərlə və dünya iqtisadiyyatına bağlı proseslərə qarışmırdı. Hazırda Pekin ona aid olan və aid olmayan bütün qlobal proseslərdə fəal iştirak edir, mövqeyini bildirir. Pekin bu səbəbdən Vaşinqton kimi milli yurisdiksiyasından başqa ölkələrin ərazisində də istifadə edəcək. Pekin bu fəaliyyətə böyük maliyyə ayırmağı planlaşdırıb. Bu fəaliyyət Pekin-Vaşinqton qarşıdurmasını daha da alovlandıracaq”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!