Modern.az

Türkiyə XİN-də islahatlar: Qardaş ölkənin diplomatiyasını hansı yeniliklər gözləyir...

Türkiyə XİN-də islahatlar: Qardaş ölkənin diplomatiyasını hansı yeniliklər gözləyir...

Dünya

12 Aprel 2024, 13:58

Türkiyədə 31 martda keçirilən yerli seçkilərdən sonra prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı əsas sənədlərdən biri ölkənin Xarici İşlər Nazirliyinin strukturunda əhəmiyyətli dəyişiklikləri özündə əks etdirən qərar idi. “Resmi Gazete”də dərc olunan qərarla qardaş ölkənin diplomatiyasından məsul olan qurumda köklü yeniləmələr həyata keçirilib. Bu yeniliklərin Türkiyənin xarici siyasətinə təsirləri ekspert dairələrində əsas müzakirə mövzularından biridir.

 

Qeyd etmək lazımdır ki, Türkiyə XİN-dəki dəyişikliklərin əsas ideya müəllifi 2023-cü ilin iyun ayında - ötən ilin mayında keçirilən prezident və parlament seçkilərindən sonra nazir postuna təyin olunan Hakan Fidandır. Bu, onun vəzifələrinin icrasına başlamasından bəri nazirliyin strukturu və fəaliyyəti ilə bağlı atdığı ən mühüm addım kimi xarakterizə olunur.

 

Qərar Ərdoğan tərəfindən rəsmi şəkildə bu günlərdə imzalansa da, Fidan dəyişikliklərin anonsunu hələ keçən il - Xarici İşlər Nazirliyinin 2024-cü il büdcəsinin müzakirə edildiyi 21 dekabr 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında vermişdi. O qeyd etmişdi ki, hazırkı xarici siyasət gündəmi hər baxımdan güclü Xarici İşlər Nazirliyinin təşkilini zərurətə çevirib:

 

“Vəzifəyə gəldiyim gündən Nazirliyimizin fəaliyyətinin daha səmərəli olması üçün addımlar atırıq. Biz Nazirliyimizi dörd istiqamətdə müasir şəraitə uyğunlaşdırmağa çalışırıq. Bunlar fiziki şəraitin yaxşılaşdırılması, texniki vasitələrin gücləndirilməsi, kadrların sayının artırılması və qanunvericiliyin yenilənməsindən ibarətdir".

 

Fidanın vəzifəyə gəldikdən sonra “milli və müstəqil xarici siyasət” tezisinə əsaslanması ilə Xarici İşlər Nazirliyinin yeni təşkilati strukturunda yeni baxış çərçivəsində institusional, inzibati, texniki və fiziki şəraitdə təkmilləşdirmələr aparılması hədəflənib. Dəyişikliklərin Türkiyə XİN-in daha sürətli, səmərəli və effektiv işləməsinə hesablandığı və məqsədin nazirliyin fəaliyyət sahələrini inkişaf etdirmək olduğu bildirilib.

 

İslahat xarakteri daşıyan konkret dəyişikliklərə gəldikdə, qərara əsasən, Xarici İşlər Nazirliyinin strukturuna daxil olan idarələrinin sayı artırılıb və hər bir coğrafi region üzrə müvafiq idarələr yaradılıb. Bu çərçivədə Amerika və Latın Amerikası üzrə ixtisaslaşan idarə bölünüb və ayrıca Latın Amerikası İdarəsi yaradılıb. Bu, Türkiyənin Latın Amerikasına yönəlik siyasətinin intensivləşməsini və perspektivlərin genişləndirilməsini, diplomatiya sürətinin artırılmasını nəzərdə tutur.

 

Cənubi Asiya İdarəsi çərçivəsində olan İran və İraq məsələləri üçün də müstəqil İran-İraq İdarəsi formalaşdırılıb. Orta Asiya və Türk Dövlətləri Təşkilatı İdarəsi Türkiyənin xarici siyasətində son vaxtlar əhəmiyyəti artan Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin daha da institusionallaşdırılması məqsədi ilə yaradılıb. XİN-də edilən dəyişikliklərin bir məqsədi də ixtisaslaşmaya önəm verməkdir. Bu məqsədlə bölgələr üzrə ixtisaslaşmanı təmin etmək üçün idarələrin tərkibində şöbələr də təşkil edilib.

 

Yeni yaradılan struktur bölmələrindən biri də Humanitar və Texniki Yardım İdarəsidir ki, bu idarənin vəzifəsi təbii fəlakətlər və epidemiyalarla bağlı ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini koordinasiya etmək, humanitar yardımları əhatə etmək olacaq. Qurumun İnformasiya İdarəsi isə İctimai Diplomatiya və Strateji Kommunikasiya İdarəsi adı altında yenidən təşkil olunub. Xarici İşlər Nazirliyinin ən köklü struktur bölmələrindən biri olan mətbuat katibliyi İctimai Diplomatiya və Strateji Kommunikasiya İdarəsindən ayrılaraq ayrıca struktur kimi yaradılıb.

 

Belə ki, mətbuat katibliyinin funksiyası nazirliyin işini ən doğru və ən sürətli şəkildə ictimaiyyətə çatdırmaq, idarənin vəzifəsi isə dövrün ruhuna və şərtlərinə uyğun olaraq xalq diplomatiyası və strateji kommunikasiya işlərini həyata keçirmək kimi müəyyən olunub. Digər yeni yaradılmış struktur bölməsi isə Beynəlxalq Vasitəçilik İdarəsidir. Bu idarənin yaradılmasında məqsəd Türkiyənin son zamanlar vasitəçiliklə bağlı işini daha ixtisaslaşmış bölmə ilə davam etdirməkdir.

 

Daha əvvəl xarici əlaqələr təşkilati planında vahid idarəyə aid olan konsulluq və immiqrasiya ilə bağlı məsələlər iki ayrı idarə kimi formalaşdırılıb. Konsulluq Xidmətləri və Diaspor İdarəsi xüsusilə xaricdə yaşayan Türkiyə vətəndaşları ilə bağlı konsulluq işləri ilə məşğul olacaq. İmmiqrasiya Siyasəti və Viza Prosedurları İdarəsi isə adına uyğun olaraq immiqrasiya və viza prosedurlarına cavabdeh olacaq.

 

Yeni qurulan bölmələr arasında Elm və Texnoloji Siyasət İdarəsi də maraq doğurub. Bu idarə müasir texnologiyaların yaxından izlənilməsi və beynəlxalq əlaqələrə təsirinin təhlili, bu sahədə qanunvericilik və araşdırmaların monitorinqi üzrə məsuliyyət daşıyacaq. Bu strukturun sayəsində Türkiyənin qlobal səviyyədə getdikcə genişlənən elm diplomatiyasını institutlaşdırmağı hədəflədiyi hesab olunur.

 

Türkiyənin son dövrlərdə ən çox əhəmiyyət verdiyi və sərmayə qoyduğu sahə olan müdafiə sənayesi də Xarici İşlər Nazirliyinin vəzifələrindən birinə çevrilib. Belə ki, Müdafiə Nazirliyi və Türkiyə PA-nın Müdafiə Sənayesi İdarəsi ilə yanaşı, Xarici İşlər Nazirliyi də bununla bağlı vəzifə və öhdəlikləri öz üzərinə götürüb. Xarici İşlər Nazirliyinin mühüm bölmələrindən biri olan Beynəlxalq Təhlükəsizlik İdarəsi həm Xarici İşlər Nazirliyi daxilində, həm də digər müvafiq qurumlarla müdafiə və müdafiə sənayesi sahələrində üçüncü ölkələrlə əlaqələrin koordinasiyasına cavabdeh olacaq.

 

Xarici İşlər Nazirliyinin yeni təşkilati strukturunda ən mühüm digər dəyişiklik Araşdırma və Təhlükəsizlik İdarəsinin Kəşfiyyat və Təhlükəsizlik İdarəsi olaraq yenidən təşkilidir. Nazirliyin vəzifə və fəaliyyət dairəsinə daxil olan məsələlərlə bağlı lazımi məlumatların təqdim edilməsi məqsədilə müvafiq kəşfiyyat və təhlükəsizlik qurumları ilə əlaqələrin idarə edilməsinə cavabdeh olan yeni idarə kibertəhlükəsizliklə yanaşı, terrorizm, mütəşəkkil cinayətkarlıq və maliyyə cinayətləri bağlı lazımi işləri həyata keçirəcək. Rabitə təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində mərkəzi və xarici təşkilatlarda lazımi texniki infrastrukturun yaradılması və təlimlərin keçirilməsi də nazirliyin vəzifələri sırasındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi