Modern.az

Heyvan mənşəli süd sağlamlığa və təbiətə zərərlidir... - Kartof südü içməliyik?

Heyvan mənşəli süd sağlamlığa və təbiətə zərərlidir... - Kartof südü içməliyik?

Dünya

12 Aprel 2024, 17:49

Süd və süd məhsullarından istifadənin insan sağlamlığı üçün əhəmiyyəti hələ də müzakirə olunur və hazırda bir çox mütəxəssis inək südünün xeyirdən çox zərər verdiyi fikrini müdafiə edir. İnsan sağlamlığı ilə yanaşı, ət və süd sənayesi planetə dönməz ziyan vurmaqda davam edir. Bunun üçün elm adamları heyvan südü əvəzinə bitki mənşəli süd məhsullarına üstünlük verməyi çıxış yollarından biri kimi nəzərdən keçirirlər. Dayanıqlı mənşəyə malik süd təklifləri arasında kartof südü bu alternativlərin ən yenisidir.

 

Süd və süd məhsulları uzun müddət insanların qida rasionunda ən vacib komponentlərdən biri hesab olunub. Xüsusilə uşaqların böyüyərkən ehtiyac duyduğu kalsium kimi maddələrlə zəngin olduğu üçün süd sevimli məhsullardan birinə çevrilib.

 

Bununla belə, son vaxtlar mütəxəssislər sənaye üsulu ilə istehsal olunan süd məhsullarının daha çox zərər verdiyi qənaətinə gəliblər. Heyvandarlıq təsərrüfatı və süd məhsulları istehsalı üzrə ixtisaslaşan qida sənayesi təkcə insan sağlamlığına zərər vermir, istehsalda istifadə edilən üsullardan heyvanların buraxdığı tullantıların miqdarına qədər bir çox amillər ekoloji çirklənməyə səbəb olur.

 

İnəklərin daha çox süd verməsi üçün GMO yemlərdən istifadə olunur və buna görə də sağılan süd həm insanlara, həm də təbiətə böyük ziyan vurur. Bundan əlavə, dünyada süd üçün yetişdirilən inəklərin sayı 270 milyon başa çatır. Bu inəklər öz istəklərinə zidd olaraq orta hesabla 600 milyon ton süd istehsal etməyə məcburdurlar. Süd üçün bəslənən heyvanların atmosferə atdığı istixana qazları bu gün dünyanın ən böyük ekoloji problemlərindən birini təşkil edir.

 

Oksford Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, heyvan südü istehsalı bitki südü seçimlərindən 3 qat daha çox istixana qazı emissiyasına səbəb olur.

Süd sektorunun ətraf mühitə təsirinə nəzər saldıqda, suyun çirklənməsi və qıtlığı, həddindən artıq tullantı, havanın və torpağın çirklənməsi kimi bir çox mənfi təsirləri var. Alternativ südlər həm bəsləyici, həm də ekoloji cəhətdən təmizdir.

 

Mütəxəssislərin fikrincə, həm insan sağlamlığı, həm də ətraf mühit üçün çox daha yaxşı alternativ olan bitki mənşəli süd variantları heyvan südünü əvəz edə bilər. Badam, qovun, yulaf, kakos, arpa, fındıq və digər bitki mənşəli alternativlərdən istehsal edilən süd getdikcə daha çox yayılacaq.

 

Bitki mənşəli süd kateqoriyasına kartof südü də daxil olub. Bu süd D, C, B6 və B12 vitaminləri, maqnezium, protein və omeqa-3 ilə zəngin bir çox komponentdən ibarətdir. Kartof südünün ən böyük faydası dayanıqlı mənşəyə malik olmasındadır. İnsanlar inək südündən kartof südü kimi bitki əsaslı süd alternativlərinə keçməklə sənayenin iqlim təsirlərini 75 faiz azalda bilər. Çünki laktoza və qlütensiz olan kartof südü əhəmiyyətli dərəcədə az karbon yaradır. Torpaqdan istifadəyə gəlincə, kartof, məsələn, böyüyən yulafdan iki dəfə çox məhsul verir və digər süd növləri ilə müqayisədə 56 dəfə az su istifadə edərək istehsal edilə bilər.

 

Kartof südünü ev şəraitində də hazırlamaq mümkündür. Lazım olan kartof və bir az sudur. Kartofu kublar şəklində doğrayıb bir qazanda qaynatdıqdan sonra qaynadılmış kartofu və suyu blenderdə yüksək sürətlə 5 dəqiqə qarışdırmaq kifayətdir. Sonra isə əldə olunan kartof qarışığını süzmək və əmələ gələn mayeni ən azı iki saat sərin yerdə saxlamaq lazımdır. Cüzi bal əlavə edərək kartof südünü daha dadlı etmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi