Modern.az

Atası Tunel faciəsindən xilas olan gəncin Kəlbəcər şeiri

Atası Tunel faciəsindən xilas olan gəncin Kəlbəcər şeiri

Ədəbi̇yyat

30 İyun 2024, 13:49

Bu şeir 1993-cü ildə baş verən Tunel faciəsindən sağ çıxan atanın gənc tələbə oğlunun Kəlbəcərə etdiyi səfərdən ilhamlanaraq yazılıb. Rəvan atası ilə birgə doğma torpağına qayıdaraq, həsrətli və hüznlü xatirələrlə dolu olan o yerləri ziyarət edib. Şeir Kəlbəcərin ecazkar təbiəti və Vətən torpağında addımlamanın verdiyi qürur hissi ilə doludur. Gənc tələbə Kəlbəcərin möcüzəvi təbiəti və tarixi önəmindən təsirlənərək, bu duyğularını səmimi və dərin bir şəkildə ifadə edib.

 

Modern.az gəncin Kəlbəcər təəssüratlarını və şeiri təqdim edir.

 

"Mən hələ uşaq ikən ürəyimdə bir arzu vardı: 1993-cü il martın 31-də  atamın ermənilərə əsir düşməkdən son anda xilas olub, minlərlə insanın həyatını qurtararkən getdiyi o yolu - Tuneli görmək! Nəhayət ki, atamla doğma yurdumuza - Kəlbəcərə gəldim. Tunel faciəsinin baş verdiyi yeri gördüm. Hüznlü xatirələr, ecazkar təbiətin tilsimi, habelə Vətən torpağında addımlamağın verdiyi qürur hissinin vəhdəti məni bu şeiri yazmağa sövq etdi…"

 

İyunun on beşi vədə yetişdi,
Basdım torpağına ayaq, Kəlbəcər.
Özüm də bilmədən halım dəyişdi,
Bir qədər gecikdim nahaq, Kəlbəcər.

 

Tuneldə sağ qalan o həmən oğlan,
Mənə səndən danışırdı durmadan.
Düşmənlər qırğını törədən zaman,
Davranmışdı xeyli qoçaq, Kəlbəcər.

 

Belə bir səfalı, cənnət diyara,
Necə heyran olmayasan aşkara?
Dönüb baxdım atam gedən yollara,
O gəlmişdi məndən qabaq, Kəlbəcər.

 

İstisu alışır, İstisu yanır,
Qayalar müxtəlif rəngə boyanır.
Özü də içindən ağac boylanır,
Oyadır insanda maraq, Kəlbəcər.

 

Bu yerin həm altı, həm üstü sərvət,
Zəngindir mineral suyla təbiət.
Saysız söz ustadı yetirib, əlbət,
Olub onlar üçün ocaq Kəlbəcər.

 

Havası pay verir gün ömrümüzə,
İlahi, nələrlə qaldım üz-üzə?
Mən indi bildim ki, nədir möcüzə,
Deyil həqiqətdən uzaq, Kəlbəcər.

 

Həsrətli könüllər qürurla dindi,
Ata yurda bağlılığın bilindi.
Şair, səni hesab eyləmir indi,
Vətən torpağında qonaq Kəlbəcər…

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ