Modern.az

Elza Seyidcahan YAP-dan çıxarılacaq? - AÇIQLAMA

Elza Seyidcahan YAP-dan çıxarılacaq? - AÇIQLAMA

9 Oktyabr 2015, 15:03

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, tanınmış müğənni Elza Seyidcahan parlament seçkiləri haqda verdiyi qalmaqallı açıqlama ilə özünü işə salıb. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmaq istəyən müğənni qeydə alınmayandan sonra bildirib ki, burada rəsmi şəxslər onu məcbur ediblər ki, geri çəkilsin, deputatlar 3 ay öncədən təyin olunublar

Elza Seyidcahan Şabran-Siyəzən seçki dairəsindən namizdəliyini irəli sürən, hazırki deputat Tahir Süleymanovu kəskin tənqid edib:

“Tahir Süleymanov YAP-ın üzvü olsa da həmin partiyadan qətiyyən məlumatı yoxdur. YAP-ın üzvü olub, ona layiq olmayan xeyli şəxslər var”.

Bu açıqlamadan sonra Elzanın üzvü olduğu partiyadan çıxarılacağı barədə qeyri-rəsmi xəbərlər yayılıb.

“Müğənni Elza Seyidcahanın partiya haqqında bu və ya digər formada səsləndirdiyi neqativ fikir barəsində hər hansı qərar çıxarılmayacaq”. Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev müğənni Elza Seyidcahanın seçkilərlə bağlı səsləndirdiyi fikirlərə görə partiyadan uzaqlaşdırıla biləcəyi məsələsinə münasibət bildirərkən deyib.

“Partiyadaxili demokratiya var. Hər kəs öz fikirlərini  yaymaqda, deməkdə sərbəstdir. O da ölkənin azad vətəndaşıdır”

Hüseyn Paşayev Elza Seyidcahanın Milli Məclis deputatlarının üç ay öncədən təyin olunduğu haqda səsləndirdiyi fikirlərə də toxunub.

“Bunlar əvvəlcədən uduzduğunu başa düşən, seçicilərlə hər hansı bir təmasdan sonra səs ala bilməyəcəyini dərk edən vətəndaşın özünə haqq qazandırmaq üçün səsləndirdiyi yersiz fikirlərdir.  Heç bir əsası olmayan məntiqə söykənməyən fikirlərdir”.

Partiya rəsmisi, Elza Seyidcahanın hazırki deputat Tahir Süleymanovun onun Milli Məclis üzvü seçilməsinə əngəl olması haaqda iddiasına da aydınlıq gətirib.

“Tahir Süleymanov sadəcə, namizəddir. İstər o olsun, istərsə də digəri, fərqi yoxdur. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədin digər namizədə hər hansı formada nə təzyiq etmək hüququ,  nə də imkanları var. Elə vasitə yoxdur”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran Ermənistana qoşun yeridir