Adi günlərdə Bakı-Sumqayıt-Bakı marşrutu ilə 5 min sərnişin daşınırdı, Bakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar sərnişin sıxlığı artıb.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Rəsmi məlumata görə, iyunun 28-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə 10 min 836 sərnişin daşınıb.
Qeyd edək ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, dünəndən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.