Almaniyanın Bonn şəhərində yaşayan həmyerlimiz, siyasi elmlər doktoru Samir Həsənovun Almaniyanın sayca ən çox kitab dərc olunan məşhur Şpringer Nəşriyyatında (Springer Verlag) “İmperiya İrsi? 1992-2014-cü illər arasında Rusiyanın Cənubi Qafqazda güc siyasəti” (Almanca: Imperiales Erbe? Machtpolitische Ambitionen Russlands im Südkaukasus zwischen 1992-2014) adlı kitabı işıq izi görmüşdür.
Modern.az xəbər verir ki, müəllif kitabda Rusiyanın xüsusi ilə etnik zəmində yaranmış konfliktlərdəki destruktiv mövqeyinə geniş yer ayırmış və beynəlxalq münasibətlərin aparıcı nəzəriyyələrinə istinad edərək bu münaqişələrin artıq 30 ilə yaxın bir müddətdə həll olunamamasının əsas səbəbkarı kimi məhz Rusiyanın tutduğu mövqeni önə çəkmişdir. Müəllif bununla Rusiyanın hazirki siyasətinin onun imperialist keçmişi ilə birbaşa bağlı olduğunu göstərmiş və bunu faktlarla eləcə də Azərbaycan, rus, gürcü və alman siyasi ekspertləri ilə apardığı müsahibələrlə sübuta yetirmişdir. Kitabda Dağlıq Qarabağ münaqişəsi, onun tarixi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına da ayrıca geniş yer ayıran Samir Həsənov bununla da alman oxucu kütləsinə Azərbaycan tərəfinin bu münaqişədəki ədalətli mövqeyini çatdırmağa çalışmışdır.
Ermeni lobbisinin informasiya müharibəsində təsir imkanlarının böyük olduğunu nəzərə alsaq aparıcı alman mətbu orqanında Azərbaycanın mövqeyini əks etdirən bir kitabın nəşr olunması cox böyük əhəmiyyətə malikdir.
Onu da qeyd etməliyik ki, Samir Həsənov digər diaspor fəalı Asif Məsimovla birlikdə yaratdıqları “Alumniportal Azərbaycan” onlayın platforması vasitəsi ilə Almaniyada Qarabağ həqiqətlərinin təbliği, erməni yalanlarının ifşası istiqamətlərində geniş fəaliyyət göstərir, almaniyalı deputatlar, məmular, elm və təhsil adamları ilə, digər təbəqələrlə ətraflı məlumatlandırma işi aparır.