Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb
Şagirdlikdən tələbəliyə bir addım var. Amma bu addım demək olar ki, insanın gələcək həyatını, sahib olacağı peşəni müəyyən edir. İnsanı seçdiyi peşəyə gedən yolda da ən azı 4 illik tələbə həyatı gözləyir. Üzərində ən azı şagird qədər məsuliyyətinin olduğu tələbəlik...
Bəs əsl tələbə necə olmalıdır? Nəyə əsasən tələbəyə əsl tələbə deyilir? İlk növbədə ağıla dərslərini oxuyan nizam intizam qaydalarına əməl edən tələbə gəlir. Əslində isə əsl tələbəliyə gedən yol insanın peşə seçimindən, daxil olmaq istədiyi fakultədən başlayır. Əgər o, əvvəldən kim olacağını, hansı peşəyə yiyələnəcəyini müəyyən etsə, tələbə həyatı ərzində də peşəsinin peşəkarı olmağa çalışacaq. Elə bu da onu əsl tələbəyə çevirəcək. Çünki yalnız belə olan halda tələbə dərsləri yola verməz, imtahandan canını qurtarmaq üçün rüşvətə əl atmaz, universitet ona həbsxana kimi görünməz.
Tələbəni əsl tələbəyə çevirən bütün amillərin kökündə onun seçimi durur. Bəli, əsl tələbə olmaq üçün tələbənin üzərinə çox şey düşür. Məsələn, tələbə rüşvət verərkən hər şeydən öncə dərk etməlidir ki, o həmin pulu ona görə ödəyir ki, savadsız olsun. Kitabxananın yolundan xəbərsiz olanda bilməlidir ki, o gələcəyin peşəkarı kimi yox, peşəsizi kimi yetişir. Tədris olunan dərslərdən ümumiyyətlə xəbərsiz olanda anlamalıdır ki, qınaq obyekti olacaq bir mütəxəssis kimi yetişir. Bunlara görə də tələbənin öhdəsinə düşür ki, tələblərə cavab versin.
Qeyd etdiyim kimi yaxşı tələbə olmaq üçün tələbənin üzərinə çox şey düşür, hər şey yox. Bütün məsuliyyəti tələbənin üstünə atmaq ədalətsizlik olardı. Misal üçün, vəkil olmaq arzusu ilə yaşayan abituriyent gedib Filologiya fakultəsinə düşürsə, ondan yaxşı tələbə olmağı tələb etmək çətindir. Yəni, tələbəyə nəyisə tələb etməzdən əvvəl təklifin keyfiyyətinə diqqət etmək lazımdır. Tələbə təsadüfi fakultədə deyil, oxumaq istədiyi fakultədə oxumalıdır. Bunun bəlasıdır ki, hazırda “mütəxəssis”lərin sayı hesabı yoxdur.
Bundan başqa bir amili də nəzərə almaq lazımdır ki, tələbələrin böyük bir qismi təhsil alacağı fakultəni öz istəyilə yox, ailəsinin istəyi ilə seçməli olur. Bu halda tələbədən dərsə marağı, davamiyyəti necə gözləmək olar? Deməli, valideynin də öhdəsinə düşən amillər var.
Bir sözlə cəmiyyətdə bir problem varsa, o problemin həcmindən, yarada biləcəyi təhlükədən asılı olmayaraq bunun yükünü bir qrupun üstünə atmaq ədalətsizlikdir. Problem həll olunacaqsa, bu problemi həll etmək istəyi varsa, onun həllindən heç kim qaçmamalıdır. İstər tələbə, istər Təhsil Nazirliyi, istərsə də TQDK... Çünki hazırda bizim mövzuya çevirdiyimiz problemi onlar üçün birlikdə yaradıb.
Fatimə Kərimli
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi