Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin dövlət büdcəsindən maliyyələşən AzTV və İTV-ni ittihamından sonra Modern.az həmin telekanallardan məsələyə münasibət öyrənməyə çalışıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov saytımıza bildirib ki, İTV cəmiyyət və auditroiya qarşısında öz öhdəliklərini bilir və daim yerinə yetirməyə çalışır. O qeyd edib ki, İTV yayımçı şirkətdir və onun serialların və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur.
"Buna baxmayaraq məlumat üçün bildirək ki, biz bu günə kimi 3 teleserial çəkmişik, bunlardan ikisi artıq yayımlanıb, üçüncüsünü yayımlamağa hazırlaşırıq. 29 bədii televiziya filmi, 200-dən çox sənədli film istehsal olunub.
Cizgi filmlərinin çəkilməsinə gəlincə isə bu sahə digərlərindən xüsusi ilə fərqlənir. Əgər cizgi filmləri bu işə məsul qurumlar tərəfindən çəkilsə, biz yayımçı şirkət olaraq bunları azyaşlı auditoriya üçün təqdim edərik”.
T.Məmmədov surdotərcüməçinin bərpa edilməsi məsələsinin şirkətin Direktorlar Şurasında müzakirə olunduğunu bildirib.
“Lakin bu sahədə peşəkar mütəxəssis azlığından bu, yerinə yetirilməmiş qaldı. Eşitmə qabiliyyəti zəif olan şəxslər üçün isə “Carçı” informasiya proqramında xəbərlər daimi olaraq alt yazı ilə verilir”.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən isə məsələyə münasibət bildirmək istəmədiklərini açıqladılar.
Aytən Əliyeva