Modern.az

“ABŞ-ın İrana hücumunun qarşısını Qarabağ alır” - MÖVQE

“ABŞ-ın İrana hücumunun qarşısını Qarabağ alır” - MÖVQE

Aktual

5 İyun 2013, 15:40

“Vaşinqton istəyir ki, hansısa variantda Qarabağ düyünü açılsın”

ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamaları konfliktin həlli istiqamətində bu ölkənin aktivlik göstəricisi kimi qəbul edilə bilər. Belə ki, bir müddət öncə də Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə ABŞ rəsmisinin Qarabağ münaqişəsini müzakirə etməsi siyasi proseslərə yeni rəng qatdı. Bu vaxta qədər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın konfliktin çözümündə maraqlı tərəf kimi iştirakı nəzərə çarpmasa da, son zaman aparılan danışıqlar bunun əksini deməyə əsas verir. ABŞ dövlət katibinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ardınca işğalçı Ermənistanın xarici siyasət kursunun rəhbəri Edvard Nalbandyanla görüşü zamanı da Qarabağ məsələsinə toxunması bir çox mətləblər üzərində düşünməyə əsas verir. Kerri erməni nazirlə görüşündə “münaqişənin hər zaman dirəndiyi və təhlükəli olan dalanı keçmək üçün mütləq həll yolu tapılmalıdır” deməsi də ABŞ-ın regiondakı maraqlarından xəbər verir. Bəs görəsən ABŞ niyə son zamanlar münaqişənin həlli istiqamətində belə fəallıq edir?

Bu barədə Modern.az-ın suallarını ADP sədri Sərdar Cəlaloğlu cavablandırıb.

İrana yol Qarabağdan keçir

Partiya sədri hesab edir ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bölgədə ciddi dəyişikliklərə nail olmaq mümkün deyil:
“Xüsusən də ABŞ İrandakı vəziyyəti dəyişdirmək niyyətindədir” deyən S.Cəlaloğlu bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin davam edəcəyi təqdirdə ABŞ İranla bağlı hər hansı dəyişikliyə nail ola bilməz.
“Digər tərəfdən isə regionun demokratikləşməsində xüsusi əngəllərdən biri də məhəlli münaqişələrdir. Həm Ermənistan, həm də Azərbaycanın demokratikləşməsinə əngəl olan əsas problem Qarabağdır. Geopolitika və demokratikləşmə baxımından Qarabağ probleminin həlli vacibdir. Digər tərəfdən isə Rusiyanın həm Azərbaycan, həm də Ermənistana müdaxilə etməsi üçün Qarabağ bir açardır. Ona görə də ABŞ istəyir ki, hansı variantdasa Qarabağ düyünü açılsın. Bununla da Cənubi Qafqazda demokratik mühit yaransın”.
ADP sədri deyir ki, eyni zamanda ABŞ münaqişəni həll etməklə Orta Asiyaya demokratiyanı yaymaq istəyir.

Bəs ABŞ hansı dövlətin xeyrinə münaqişəni həll edəcək?

Sərdar Cəlaloğlunun fikrincə, burada konkret olaraq münaqişə tərəflərinin maraqları nəzərə alınmayacaq.
“Çünki qloballaşmada sərhədlər və dövlətlər olmur. Buna görə də ABŞ problemin hər hansı bir formada həll olunmasının və əbədi sülhə nail olmağı tərəfdarıdır. Əsas məqsəd isə Avropanın sərhədlərini genişləndirmək niyyəti daşıyır. Təbii ki, burda beynəlxalq hüquq nəzərə alınmasa, sülh də uzunmüddətli olmayacaq. Bu baxımdan da ABŞ tərəflərin bir-biri ilə dil tapmasını istəyir. Bu istiqamətdə biz də öz alternativlərimizi təqdim etməklə münaqişənin effektli həllinə nail olmağa çalışırıq. Amma bir şeyi unutmamalıyıq. Rusiya da bu bölgədə maraqlı ola dövlətdir. Qarabağı nə Azərbaycan nə də Ermənistan siyasi iradəsi həll edə bilməz. ABŞ gərək Rusiya ilə də ciddi işlər aparsın və Şimal qonşumuzu prosesdən kənarda saxlamağa nail olsun. O zaman münaqişə ədalətli, avtomatik olaraq həll olunacaq. Rusiya özü bu problemin yaradıcısı olduğuna görə bu ölkənin iradəsi olmadan  Azərbaycan və Ermənistan nə razılıq əldə etsə də, Qarabağ problemi həll olunmayacaq”.

Türkiyə faktoru

Türkiyənin danışıqlar prosesində rolundan danışan Sərdar Cəlaloğlu bunları deyib: “Türkiyənin Cənubi Qafqaza çox böyük təsir imkanları var. Buna görə də Türkiyəni danışıqlar prosesindən bir kənarda qoymaq olmaz. Bu bölgədə gedən proseslərin Türkiyəsiz müdaxilə etmək mümkün deyil. Türkiyə Yaxın Şərq və ABŞ üçün də müttəfiqdir. Bu mənada Minsk Qrupundan kənarda da Türkiyənin Qarabağ məsələsinin həllində çox önəmli missiyası var. ABŞ da zaman-zaman bundan istifadə etməyə cəhd edir”.

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı