Modern.az

“Musiqi dünyası”: Yeni tədqiqatlar, yubileylər, rəylər

“Musiqi dünyası”: Yeni tədqiqatlar, yubileylər, rəylər

Current

2 İyul 2013, 12:25


Bakı Musiqi Akademiyasının və Bəstəkarlar İttifaqının birgə təsis etdiyi “Musiqi dünyası” elmi və musiqi-publisistik jurnalının 1 və 2-ci sayları bu günlərdə musiqi ictimaiyyətinə təqdim olunub. Bu barədə jurnalın baş redaktoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov məlumat verib.         

Jurnalın 1-ci sayı görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş geniş həcmli tədqiqat məqaləsi ilə başlayır. Ü.Hacıbəli adına BMA-nın dosenti A.Abduləliyevin “Heydər Əliyev və musiqi mədəniyyət: Üzeyir Hacıbəylinin ev-muzeyinin tarixi” məqaləsində ev-muzeyin təşkili, açılışı proseslərində Heydər Əliyevin xidmətləri arxiv sənədləri əsasında araşdırılıb, XX əsr musiqi mədəniyyətimizə dair bir sıra yeni faktlardan bəhs olunub.   

“Portretlər” rubrikasında oxucular sənətşünaslıq doktoru, professor İ.Əfəndiyevanın, əməkdar incəsənət xadimi S. Fərəcovun, sənətşünaslıq üzrə fəlsəfə doktorları L. Məmmədova, K. Dadaşzadə, N. Hüseynovanın maraqlı məqalələri ilə tanış ola bilərlər. Fərhad Bədəlbəlyinin anadan olmasının 65 illiynə həsr edilən “Dünya şöhrətli sənətkar”, həmçinin görkəmli musiqişünas-alim, professor Zemfira Qafarovanın, “solo oxuma və opera hazırlığı” kafedrasının professoru, əməkdar mədəniyyət işçisi Elmira Quliyevanın, xor sənətinin görkəmli təmsilçisi Ləman Atakişiyevanın, ADMİU-nun professoru, musiqişünas-alim Nailə Kərimovanın, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban Əhmədovanın, 22 saylı uşaq musiqi məktəbinin direktoru, əməkdar müəllim Natiq Vəliyevin yubileylərinə həsr edlən məqalələrdə yubilyarların yaradıcılıq və pedaqoji nailiyyətləri, musiqi incəsənəti və təhsilinin inkişafındakı xidmətləri haqqında ətraflı söz açılır.

“Musiqişünaslıq” bölümü bəstəkar yaradıcılığının müxtəlif problemlərinə həsr olunub. K.Ələsgərlinin “Müasir musiqi təfəkkürünün səs simvollarına dair”, G.İsmayılovanın “Azərbaycan bəstəkarlarının əsərlərində Xocalı faciəsinin təcəssümü” məqalələri, eləcə də bəstəkar C. Hacıyevin, C. Cahangirovun, C. Allahverdiyevin əsərlərinin təhlilinə, harmoniya nəzəriyyəsinə dair məqalələr maraq doğururlar. Bundan başqa, “Musiqişünaslığın aktual problemləri” rubrikasını ənənəvi olaraq xarici ölkə musiqişünaslarının elmi-nəzəri məqalələri bölüşürləri. “Musiqi təhsili və maarifçiliyi” rubrikasında musiqi tərbiyəsinin metodikasına, musiqi-estetik qavrayışın problemlərinə dair M. Dadaşovanın, F Hidayətovanın məqalələri maraqla oxunur.

“Ay tək nurlu xatirələr dalğasında”. Professor Z. Dadaşzadənin səmimi, bir qədər də lirik təəssüratlarla, həm də real yaradıcılıq bioqrafiyası əsasında qələmə aldığı bu məqalə tanınmış musiqi tədqiqatçısı, fortepiano müəllimi və ifaçısı Aytəkin xanım Həsənovanın əziz xatirəsinə həsr olunub. Məqalə Ü. Hacıbəyli adına BMA müəllim və tələbələrinin anım mərasimi-konserti haqqındadır.

Oxucular bu sayda jurnalın 2011-2012-ci illərə aid kataloqu ilə də tanış ola bilərlər.

“Musiqi dünyası”nın 2-ci sayında AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Zemfira Səfərovanın “Musiqi məcəlləsi (XV əsr) və “Vüzuhül-ərqam” (XIX əsr) risalələrində muğamın və musiqi alətlərinin rolu (Dini baxışlar kontekstində)”, AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədovanın “Azərbaycanın tanınmış musiqi tədqiqatçısı”, M. Əhmədovanın “Qara Qarayev və müasirlik”,  T. Məmmədəliyevanın “Ukraynada Azərbaycan musiqisi günləri”, İ. Hacıxanoğlunun Azərbaycan Bəstəkarlar İttifaqının 2012-2013-cü illərdəki fəaliyyətinə dair xronoloji məlumatı, İ. Məhərrovanın “F.Əlizadənin “Ağatlı haqqında əfsanə” rok operasında fərqli janrların sintezi”, D. Ağcanın “Avropa musiqisində Ala Turka üslubu” məqalələri dərc olunub.

Bu sayda həmçinin musiqişünas-tədqiqatçılar R. Səfərəlibəyovanın, İ. Pazıçevanın, S. Təhmirazqızının, G. Şenerin, A. Babayevanın, N. Hümbətovanın, S. Həsənovanın, Z. Əliyevin, Ə. Abbasovanın, V. Xanoğlanın, Q. Əlicanzadənin, B. Bəylərovanın və b. musiqinin və teatrın nəzəri, pedaqoji, kulturoloji məsələlərinə dair məqalələri yer alıb.

“Yeniliklərimiz” rubrikası “Saytoqrafiya”, “Muzeylərdə”, “Festivallar”, “Yeni nəşrlər”, “Konsertlər” bölmələrini əhatə edir. Adından da göründüyü kimi, bu rubrikada Mədəniyyət və turizm nazirliyinin “Xan Şuşinski Fondu” və “Musiqi dünyası” ilə birgə layihəsi olan Xan Şuşinskinin virtual muzeyinin yaradılması, bu saytın təqdimat mərasimi, yeni konsertlər, festivallar, müsabiqələr, təqdimatlar nəşrlər və ifaçılarımızın nailiyyətləri haqqında ayrı-ayrı müəlliflərin məlumatları və rəyləri dərc olunub.

Jurnalın bütün buraxılışlarını musiqi-dunya.az saytrında oxumaq olar.

    

Ariz Abduləliyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı