Respublikanın regionlarında yaşayan əlillərin bərpa-müalicəsinə göstərilən Prezident qayğısının növbəti ifadəsi olaraq, son on ildə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb. Qeyd olunan müddətdə nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.