
Namidə BİNGÖL
Həftənin siyasi mənzərəsinə nəzər salanda fikirlərim dolaşığa düşür. Hadisələrin içində birbaşa olmasam da, proseslərin gedişatından da bixəbər deyiləm. Elə ki eyni cəbhədə toplaşanların silahı bir-birinə tuşladığını görəndə, suyun tərkibinin nədən ibarət olduğu aydındır. A qardaş, belə də iş olar?! Siyasi cəbhənin müxalifət düşərgəsində gərginlik hələ də davam edir. Həftələrdir müxalifət düşərgəsində tüğyan edən prosesləri işıqlandırmağa çalışıram. Amma, yaman yerdə axşamladıq deməyəcəm. Onsuz da seçki öncəsi siyasi proseslərin sakit məcrada yola çıxması möcüzə olardı.
Elə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin də yetənə yetib yetməyənə daş atmaması möcüzə olar. Hər çıxışı ilə siyasi həmkarlarını daş-qalaq edən Rəsul bəy, bu dəfə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynə sataşıb. Onu yersiz bəyanatlar verməkdə ittiham edib. Eh Rəsul bəy, Pənah Hüseyn yersiz bəyanatlar səsləndirsə nə olacaq, səsləndirməsə nə baş verəcək. Qoyun, heç olmasa, o da bəyanatları ilə gündəmdə qalsın da. Bilmirəm, bu nə paxıllıqdır e!
AXCP sədri Əli Kərimlinin isə bəyanat verməklə heç arası yoxdu. Sadəcə olaraq, facedook-da status paylaşmaqla həmkarlarına səslənib. Hakim YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də öz fikirlərini heç bir jurnalistlə paylaşmağı üstün tutmadı. Heç Əli Kərimli ilə də üz-üzə, göz-gözə gəlmədi. Sadəcə, facebook-da həmkarı Əli Kərimlinin cavabını verdi. Aydın Mirzəzadəyə görə müxalifət nümayəndələri seçki başlamamış artıq məğlubiyyət bayraqlarını yerə qoymağa hazırlaşır. Aydın müəllim, heç də elə görünmür, məncə!
Əgər müxalifətin məğlubiyyət bayrağı dalğalansaydı, Milli Şuranın seçkilərə vahid namizədi Cəmil Həsənli və Şura İcra Aparatının rəhbəri Eldar Namazov Londona niyə gedirdilər?! Yəni demək istəyirəm ki, əlavə yol ölçmək kimin nəyinə lazımdır?! A, lap yadıma düşdü. Bu yerdə yaxşı deyiblər e. “Söz sözü gətirir”. Londona edilən səfər siyasi liderlərin üçlük çərçivəsində baş tutmalıydı. Amma Moskvada yaşayan MŞ sədri Rüstəm İbrahimbəyov London səfərindən son anda imtina etdi. Həmişə olduğu kimi bu dəfə də kinossenaristin bu görüşdən də vacib işləri varmış. Sonradan-sonraya agah oldu ki, cənab İbrahimbəyov xəstə imiş. Bu dəfə də dostlar okeanın o tərəfindən uzaqlara boylana-boylana qaldılar. Sonra da deyirlər ki... Nə isə. Başqa heç nə demək istəmirəm. Kişi nə billah etsə də sevə bilmir də bu siyasəti. Onunku kino çəkməkdi e, kino çəkmək. İndi kim kimi hansı məqsədlə, hansı tərəfə çəkir deyə bilmərəm. Amma siyasi çəkisi olanların qarğış etməsinə nadir hallarda rast gəlmək olur. QMİ sədri Şeyx Hacı Allahşükür Paşazadənin qudası, deputat Qalib Salahzadənin ölkənin iqtisadi inkişafı ilə əlaqədar müxalifətin əvvəllər 5 qəpiklik ianə aksiyası keçirdiyi halda, indi 10manatlıq aksiya keçirdiyini vurğulaması, üstəlik bu inkişafı görməzlikdən gəlməsi hallarına yalnız “burunlarından gəlsin” deməsi ilə “müxalifət gölü”nə sanki daş atdı. Müxalifət də daşı yerdə qoymadı. Göldə nə qədər daş vardısa hamısını atdı qarşı tərəfə.
Prezidentliyə namizəd olan İqbal Ağazadə və Zahid Oruc isə qarşı-qarşıya gələrək bir-birinin bostanına daş atıb. Guya MSK-nın Ümid partiyasından olan üzvü Akif Qurbanovun Zahid Oruc üçün imzaları inzibati resursların topladığını bəyan etməsi hər iki prezidentliyə namizəd olanları mətbuat vasitəsilə üz-üzə qoydu. Vallah, tərəflərin bostanında nə var, nə yox deyə bilmərəm. Amma İqbal Ağazadə deyib ki “Zahid Oruc ağıllı olsun”. Yəni İqbal bəyin də bostanına daş atmaq “oriyental rəqs oynayıb pul yığmaq” kimi asan iş deyil e.
Heç fortopianoda nəsə çalmaq da hər kişinin işi deyil. Bax o kişiyə afərin deyərəm ki, siyasətdə “at çapdığı” kimi musiqidə də pərgardır. Söhbət şəxsiyyətinə dəyər verdiyim Müsavat başqanı İsa Qəmbərdən gedir. Təmkinli, soyuqqanlı baxışların sahibi həm də incə barmaqları ilə ritmi oynatmağı bacarır. Bunu sosial şəbəkələrdə paylaşılan şəkildən aydın görmək olar. Onsuz da görənlər gördü.
Hə, əziz oxucularım. Ətrafda baş verənləri görməzlikdən gəlmək olmur. Hətta, ABŞ-ın Suriyaya hərbi müdaxilə etmək planı, Rusiyanı gözünü dörd açmağa vadar etdi. Buna görə Bəşər Əsəd rusiyalı həmkarına təşəkkür göndərməyi də unutmadı. Təşəkkür göndərənlər sağ olsun. Unutmaq isə unutqanlıqdan irəli gəlir. Baxır kim, kimi və nəyi necə unudur. Unutmaq sözünü eşitdim, amma şəklinə rast gəlmədim. Əsas odur ki, biz unudulmayaq.