Modern.az

Ərdoğanın keçmiş tərəfdarı olan eks-nazir: “İhsanoğlu Türkiyə üçün gözəl bir hadisədir” - MÜSAHİBƏ

Ərdoğanın keçmiş tərəfdarı olan eks-nazir: “İhsanoğlu Türkiyə üçün gözəl bir hadisədir” - MÜSAHİBƏ

Current

17 İyun 2014, 14:35

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) avqustda keçiriləcək prezident seçkisinə vahid namizədlə iştirak etməyi planlaşdırır. İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunu CHP lideri Kamal Kılıçdaroğlu vahid namizəd kimi təklif edib.
Modern.az saytı Türkiyənin keçmiş mədəniyyət və  turizm naziri, bitərəf deputat Ərtoğrul Günaydan Ekmeleddin İhsanoğlunun prezident seçkisində iştirakı ilə bağlı müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

-Siz əvvəllər CHP-də təmsil olunurdunuz, daha sonra AKP-yə keçdiniz. Türkiyədəki məlum rüşvət və korrupsiya əməliyyatlarından sonra isə baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyasından ayrıldınız. Demək olar ki, Türkiyənin aparıcı siyasi partiya məkanlarını qarış-qarış dolaşmısınız. Əvvəlki illərin təcrübəsindən və indiki bitərəf deputat mövqeyindən Ekmeleddin bəyin vahid namizəd kimi seçkilərdə iştirakını necə dəyərləndirirsiniz?

- Cənab Ekmeleddin İhsanoğlu dünya miqyasında tanınan çox dəyərli bir adamdır. CHP və MHP-nin vahid namizəd kimi irəli sürdüyü vahid namizəd ətrafında digər partiyalar da cəmləşəcək. CHP-nin dəyərli bir şəxsi vahid namizəd kimi təklif etməsi Türkiyə üçün  çox gözəl bir hadisədir.

-Türkiyə xarici siyasəti ilə bağlı məqamlarda gərginlik hökm sürür. Söhbət gündəmin əsas mövzusu olan İraq Şam İslam Dövlətinin türk diplomatlarını girov götürməsindən və bununla da rəsmi Ankaraya təzyiq mexanizmlərinin işə salınmasından gedir. Belə bir şəraitdə Türkiyə müxalifəti əgər Ekmeleddin İhsanoğlu ilə seçkiyə gedir. Nə baş verir?

-Türkiyə son zamanlarda bölgə ilə yanaşı, daxili siyasətində də gərginliklə üz-üzədir. Belə bir atmosferdə ana müxalifət  Türkiyənin daxili siyasətində tərəf olmayan, beynəlxalq aləmdə tanınan məşhur bir diplomatı vahid  namizəd kimi dəstəkləyir. Bu, Türkiyəni rahatlandırır. Bu baxımdan Ekmeleddin bəyin seçkilərdə iştirak məsələsini doğru bir addım kimi qiymətləndirirəm.

-Baş nazirin müavini Bülənt Arınç CHP-dəki bəzi çevrələrin Ekmeleddin İhsanoğlunu sevmədiyini və buna görə də onu dəstəkləməyəcəklərini bildirib. Bu cür rəsmi reaksiya fonunda müxalifət daxilində qalmaqal yaranmayacaq ki?

-Cənab Bülənt Arınçın bu cür mövqe sərgiləməsi Türkiyə hökumətinin Ekmeleddin İhsanoğludan çəkindiyini göstərir. Bülənt Arınç araya nifaq salmaq istəyir. CHP-dəki çevrələrin Ekmeleddin bəyi dəstəkləməyəcəyi ilə bağlı səslənən iddiaların əsası yoxdur. Kimi dəstəkləyib, kimi dəstəkləməcəyini CHP özü bilər. Baş nazirin müavininin  bu haqda danışması tamamilə yersizdir. Əgər danışırsa, deməli Ərdoğan iqtidarı bu addan narahat olmağa başlayıb. Bülənt Arınçın bu açıqlamasının müxalifətdə böhran yaradacağını isə düşünmürəm.

-Fərz edək ki, müxalifətdə fikir ayrılıqları olmadı və Ekmeleddin İhsanoğlu vahid namizəd kimi seçkiyə qatıldı. Bəs onun prezident seçkisində qələbə qazanmaq şansları varmı?

-Belə bir ehtimal var. Çünki CHP və MHP həm də ictimai maraqları təmsil edirlər. Bu da onu göstərir ki, müxtəlif çevrələrdən də Ekmeleddin bəyə dəstəklər gələ bilər. Hətta hakim AKP-dən də Ekmeleddin İhsanoğluna dəstək verə bilərlər. Çünki bələdiyyə seçkilərində daha öncə AKP-yə səs verən iki milyon yarıma qədər seçici  Rəcəb Tayyib Ərdoğanın son zamanlarda apardığı siyasətə görə hakim partiyaya dəstək olmadılar. Türkiyədə çoxlu sayda insan baş nazir Ərdoğanın qərəzli mövqeyi, kəskin və qəzəbli çıxışları  və yanlış siyasətinə görə olduqca narahatdır. Onlara daha sakit, daha sülhsevər bir insan lazımdır. Ona görə də düşünürəm ki, Ekmeleddin bəy Türkiyədə bir az da tanınarsa, seçkidə qələbə çalmaq üçün daha böyük şansları olacaq. Onun dövlət başçısı seçilməsi Avropa, İslam və Türk dünyası üçün sülhpərvər proseslərdə Türkiyənin rolunu artıracaq. Cənab Ərdoğan kimi gərgin bir siyasət adamı olmayan Ekmeleddin bəy Türkiyənin tarixi dostluqlarını bərpa etmək istiqamətində böyük uğurlara imza atacaq.

-Sizin dediklərinizdən belə başa düşmək olar ki, Ekmeleddin İhsanoğlu prezidentliyə namizəd olarsa, ona səs verəcəksiniz.

-Hələ prezident seçkisi ilə bağlı proseslərə start verilməyib. Əgər o vahid namizəd olacaqsa və Ərdoğanın ən güclü rəqibi olarsa, ona səs verməkdən qürur duyaram.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı