Modern.az

İŞİD, Quran təfsiri, SSRİ xiffəti

İŞİD, Quran təfsiri, SSRİ xiffəti

Current

13 İyul 2014, 18:15

Namidə Bingöl 

Mürəkkəb danışan, ciddi düşünən siyasətçilər artıq istirahətə yollanmaq üzrədir.

Amma havaların isti keçməsinə baxmayaraq, fantastik fəlsəfə quranlardan, keçmişin xiffətini çəkənlərdən mütləq danışacam. Öncə, müsəlman ölkələrində məzhəb ayrı-seçkiliyinin Azərbaycana sirayət etməsinə toxunmaq istəyirəm.  Dini qarşıdurmaların baş qaldırdığı ölkələr və məzhəb ayrıseçkiliyindən yaranan vətəndaş-din müharibəsi günümüzün yaxın tarixi üçün yenilik deyil. İslam dinini insanlara qılınc gücünə qəbul elətdirən ərəblər, bəlkə də nə vaxtsa belə qarşıdurmaların geniş vüsət alacağını düşünməmişdilər.  

Lakin insanların eyni din çətiri altında fərqli düşüncəyə sahiblənməklə müxtəlif ayinlər icra etməsi bəşəri bəlalara yol açdı. Bu haqda uzun-uzadı danışmayacam. Sadəcə olaraq, yola saldığımız həftə Azərbaycanda ilginc dini qarşıdurmaya rəvac verən hadisə yaşandı. Sabirabadda vəhhabi təriqətli birinin saqqalının zorla qırxılması mediada müxtəlif formada müzakirə olundu. Düzdür, kimsə belə özbaşınalığa haqq vermir. Əvvəla, bura “qara bayrağın” içində çapalayan dövlət deyil. Burda insanlar dini hökmlərin qaydaları ilə oturub-durmur. Bura dini radikal “şeytanlaşma” mərkəzi də deyil. Bura Azərbaycandır. Dünyəvi prinsiplərlə yaşayan ölkədir. Burda dini kəsimlərə tolerant münasibət var, hicablı xanıma da, saqqalı bəyə də. İnsanlar dini seçimlərində azaddırlar.   Sadəcə olaraq, din pərdəsi altında radikalizm meyllərinə yol verilməməsinin tərəfdarıyıq. Hər halda, İraqda, Suriyada, Əfqanıstanda yaşanan hadisələr ürəkağrıdıcı insan mənzərərlərini əks etdirir. Biz isə belə mənzərənin iştirakçısı olmaq istəmirik.  

Fantastik düşüncəyə sahib olan ADP sədri Sərdar Cəlaloğlundan danışmağın tam vaxtıdır. Düzdür, Sərdar müəllimin hansısa məzhəbə nə dərəcədə sevgisi var deyə bilmərəm. Amma, ADP sədri deyir ki, Quranı təfsir etməklə məzhəb ayrıseçkiliyinə yol açan qarşıdurmanı kökündən həll edəcək.   Bu Sədrar Cəlaloğlunun da sabahları fərqli ampulada açmadığını hələ görən olmayıb. And-aman edir ki, Müqəddəs Quranla bağlı təfsir yazıb. Belə getsə, İŞİD-in silahını Sərdar Cəlaloğlu susduracaq. Allah tərəfi, Quranın təfsir olunması məsələsi İŞİD-in qulağına çatmayıb. Yoxsa, Sərdar Cəlaloğlu nə edərdi? Amma Əhrar partiyasının sədri Vaqif Hacıbəyli, ADP sədrinin Quran mərifəti haqqında müsəlman dünyasını yerindən oynadacaq məsələsindən xəbər tutub. Öz aramızdı, Vaqif Hacıbəyli Sərdar Cəlaloğlunun Quranın təfsir etməsi məsələsinə təmkinlə yanaşır. Sərdar Cəlaloğlu kimi pirin kəramətinə bələd olan Vaqif müəllim, deyəsən, ADP sədrinin qabağına çıxmaqdan yaman qorxur.

Bu arada, son günlər Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini, “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov, havaların isti keçməsinə baxmayaraq, ictimai-siyasi aktivlik nümayiş etdirir. Maraqlı olan odur ki, Rusiya Xalqları Assambleyasının toplantısında çıxış edən Abbas Abbasov SSRİ-nin xiffətini çəkdiyini etiraf edib. Hə, nə olsun ki, etiraf edib. Burda qəbahət olunası nə var ki? Kişinin 64 yaşı var e. Ömrünün 40 ilini- uşaqlığını, gəncliyini, ilk sevgisini SSRİ-nin qoynunda keçirən Abbas Abbasovu, 64 yaşım olmasa belə, çox gözəl anlayıram. Kişinin “nostalji” hissləri baş qaldırıb. Məncə, o hisslərə hörmətlə yanaşmaq lazımdır. Axı, necə ola bilər ki, 56-57 yaşlı ata-anamızın, 70-80 yaşlı nənə-babamızın kövrək notlarını başa düşürük, amma, Abbas Abbasovun hisslərini yox?. Kişinin siyasi çəkisi varsa, hər addımı müzakirə olunur.

Düzdür, SSRİ adlı evin müxtəlif “milli mənzil”lərə bölünməsini təəssüf hissi ilə qeyd edən, Abbas Abbasov Rusiyanı qoruyub inkişaf etdirməyi də xüsusi vurğulayıb. Bu səbəbdən də, Müsavat, Milli Şura, KXCP partiyaları Abbas Abbasovu Ruisyanın adını xüsusi vurğuladığına görə “topa tutub”. Öz aramızdır, şimal ayısının yanında Rusiyanın əleyhinə nəsə danışmaq mümkündür? Bəlkə mümkündür, bilmirik. Əslində, diqqətimi tamam fərqli bir şey çəkdi. Milli Şuranın Abbas Abbasovu nostalji hiss məsələsinə görə hədəfə alması gülməli gəldi mənə. Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov guya “prezident” seçiləcəkdi. Amma, bu sevda yarımçıq qaldı. Məgər, Rüstəm İbrahimbəyovun 25 yaşı var idi?! Bəllidir ki, İbrahimbəyov cənabları da SSRİ-nin havasından ayrıla bilməyənlər sırasındadır. O zaman niyə prezidentliyə namizəd idi?! Maraqlıdır, Abbas Abbasovdan 9 yaş böyük olan Rüstəm bəyin, görəsən, SSRİ ilə bağlı nostalji hissləri baş qaldırırmı? Belə baxıram, Rüstəm bəy gecə-gündüz SSRİ-nin bərpası haqqında düşünür. Hətta, doğma Rusiya məmləkətindən bir türlü ayrılıb Bakıya pənah gətirə bilmir. Nə isə, kimə harda xoşdu, orda da yayın keyfini çıxartsın.  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı