Modern.az

“Tarixin, Dünyanın və İnsanın sonu...”

“Tarixin, Dünyanın və İnsanın sonu...”

Aktual

3 Avqust 2014, 21:44

“Qərb sivilizasiyası”nın tənəzzülü ilk olaraq ABŞ-dan başlayacaq - I Yazı

Avropalı düşünürlərin fikrincə, bu gün dünyanın qərbləşdirilməsi prosesində əsas əngəllərdən biri İslam-Türk sivilizasiyasıdır. Başqa sözlə, yalnız İslam dini bir ruh, Türk isə milli bir güc olaraq “Qərb sivilizasiyası”na alternativ olmaq gücündədir. Bu baxımdan vaxtilə Avropanı bir neçə dəfə fəth etmiş türklərin İslam-Türk  sivilizasiyası öncüllüyündə yenidən dirçəlişi “Qərb”ə əl vermir. “Qərb” çalışır ki, son iki əsrdə kölgədə buraxdığı İslam-Türk  sivilizasiyasını tamamilə yenərək dünyaya əbədi hökmran olsun. Bunu, artıq “Qərb” və onun ideoloqları heç gizlətmirlər də. Qərb ideolqlarından A.Toynbi yazır: “Onun (Qərb) üçün İslam və Qərbin çağdaş qarşılaşması, keçmişdəki münasibətlərdən  yalnızca daha canlı və içdən olmaqla qalmamış; qərbli adamın dünyayı “qərbliləşdirmə”  istəyini açığa çxaran bir olay olmuşdur... Bu yüzdən İslam bir kəs daha Qərblə qarşılaşır. Nə var ki, bu kəs kozlar, Xaçlı səfərlərinin ən kritik dönəmlərindəkindən daha çox əleyhində; çünki çağdaş Qərb, ona qarşı yalnız silah yönündən deyil, eyni zamanda silah sənayesinin son dərəcə bağlı olduğu ekonomik yaşam tərzi konusunda da və hamısının üstündə ruhsal kültürdə - sivilizasiya deyilən və öz özünə xaricə  dönük məhsulları yaradan və bəsləyən o dərin gücdən də üstün”.

Toynbi açıq-aşkar İslam-Türk sivilizasiyasına meydan oxuyur. Ümumiyyətlə, Arnold Toynbi, F.Fukuyama və başqa “Qərb” aydınları dünyanın “qərbləşmə”si ideyasını birmənalı şəkildə müdafiə edirlər. Onların əsas məqsədləri bir tərəfdən “Qərb” sivilizasiyasını dünyanın tək hakimi vəziyyətində saxlamaq, digər tərəfdən “Şərq”in, Türk-İslam dünyasının “Qərb”in təsiri altında çıxmasına imkan verməməkdir. Məsələn, A.Toynbi “Sivilizasiya mühakimə olunur” (“Uygarlıq yarğılanıyor”) əsərində birmənalı şəkildə “Qərb sivilizasiyası”nı əsaslandırmağa, dünyanın bu gününün və gələcəyinin, ancaq onunla bağlı olmasına inandırmağa çalışır. Eyni yolu F.Fukuyama “Tarixin sonu, sonuncu insan” əsərində davam etdirmişdir. Bu iki aydının əsərlərinin məzmunu və mahiyyəti odur ki, dünya tarixinin mərkəzində daima əsasən, “Qərb” dayanmışdır, bu gün də “Qərb” dayanır.

Bu anlamda Toynbi və Fukuyama üçün keçmişdə Yunan-Roma, Orta Çağda Xristian və müasir dövrdə “Qərb sivilizasiyası”, “Qərb demokratiyası” var. Ümumiyyətlə, onların ideolojisində “Qərb sivilizasi­yası” qədər “Qərb demokratiyası” (liberal-demokratizmi) da mühüm yer tutur. Əgər 20-ci əsrdə Toynbi “Qərb sivilizasiyası”nın əsas ideoloqlarından biridirsə, Fukuyama da “Qərb demokratiyası”nın (liberal-demokratizmi) aktiv təbliğatçısıdır.

Toynbi və Fukuyama inandırmağa çalışırlar ki, “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nın (liberal-demokratizmi) varlığı ilə dünya tarixinın sonu gəlmişdir. Yəni artıq dünyada geniş anlamda bir tarix yazılmayacaq. Çünki “Qərb sivilizasiyası” və “Qərb demokratiyası” (liberal-demokratizmi) tarixin pik nöqtəsidir. Toynbi “Qərb sivilizasiyası”nı şişirdərək, onu dünyaya yayılan tək sivilizasiya kimi qələmə vermişdir. Bu baxımdan Toynbi bütün Qərb alimlərinin əksəriyyəti kimi inanır ki, dünyadakı bütün sivilizasiyalar (20 sivilizasiya) ya məhv olmuş, ya da məhv olmaq üzrədir. Yalnız “Qərb sivilizasiyası” ayaq üstədir və bütün dünyaya meydan oxuyur. “Qərb sivilizasiyası”nın qalmasına səbəb də texnoloji bilgi  və bilim irəliləməsidir. Eyni müddəa ilə Fukuyama da çıxış edir. O da hesab edir ki, yalnız “Qərb demokratiyası”  dünyada qəbul olunan durumdadır.

Bütün bunlarla yanaşı, onlar hesab edirlər ki, “Qərb”in bu başarıları “Qərb sivilizasiyası”nı və “Qərb demokratiyası”nı dünyada təkbaşına hökmran etməklə yanaşı, dünyanın məhv olmasına da zəmin hazırlamışdır. Yəni tarixin sonu çatmış, sonuncu insan “qərbli”nin timsalında öz missiyasını başa vurmuşdur. Bu baxımdan Toynbi təkbaşına qalan “Qərb sivilizasiyası”nın bir gün məhv olmasından rahatsızdır: “Bugünkü durumumuz gerçəkdən qorxunc. Əldə etdiyimiz bilginin işığında tarixi görünüşümüzü incələdiyimizdə, insan növlərinin toplumlarını oluşturmaq üçün  tarixin özünü 20 dəfə təkrarladığını, bizimki xaricində, sivilizasiya deyilən insan toplumu təmsilçilərinin hamsının ya ölü, ya da can çəkişməkdə olduğunu bilirik. Üstəlik,  bu ölü ya da ölmək üzrə sivilizasiyaların tarixini dərinliyinə incələyib, birbiriylə qarşılaşdırdığmızda çözülmə, geriləmə və yıxılmalarında təkrarlanma düzəninə uyğun bəlirtilərin varlığını görürük. Təbii olaraq, tarixin bu özəl bölümünün bizim üçün də gərəkli olub olmadığını maraq edirik”.

Fukuyama isə tarixin sonunun gəlməsini bir tərəfdən elmlə, digər tərəfdən dinlə-xristianlıqla əsaslandırmağa çalışır. Onun fikrincə, tarixin sonunu Hegel 18-ci əsrdə liberal-demokratik dövlətlərin (Fransa, ABŞ vəb.) yaranması, Marks isə kommunizmin bərqərar olmasıyla ondan əvvəl irəli sürüblər. Fukuyamaya görə, bu anlamda dünyada artıq tarixi bir dəyişiklik olmayacaq və tarixin sonudur. O, tarixin sonunun çatmasının əsas amillərindən biri, bəlkə də birincisi kimi liberal-demokratik dövlətdə ağa və qul məsələsinin aradan qaldırılmasını, bu anlamda azadlıq və bərabərlik ideyalarının bərqərar olmasını göstərir. “Qərb” aydınına görə, bununla da dünyanın əsas problemi həll edilmişdir.

Fikrimizcə, necə ki, insanları azad və bərabərlik iddiası ilə aldadan kommunuzm iflasa uğradı, bu aqibət liberal-demokratizmi də gözləyir. Baxmayaraq liberal-demokratizmdə azadlıq, bərabərlik və insanın öz-özünün sahibi olması önəmlidir, ancaq dərinliyə varsaq bu da nisbidir. Çünki bütün insanlar üçün həmin ahlayışlar eyni məna və mahiyyət kəsb etmir. Insanlar azadlıqların dəyərlərini qadağalara görə dərk edir. Əgər insan üçün azadlığın bir dəyəri varsa, o da qadağalarla bağlıdır. Qadağalar insanı həmişə müəyyən çərçivədə saxlayır.


Qadağalar iki tipdir :

1. İnsanın əxlaqını, davranışını, mənəviyyatını tənzimləyən müsbət qadağalar,

2. İnsanın yaşam həyatını əngəlləyən mənfi qadağalar.

Azadlıqda iki tipdir:

1. İnsanı insanlıqdan çıxaran mənfi azadlıqlar,

2. İnsanı insanlıqdan çıxmağa yol verməyən müsbət azadlıqlar.

Bu anlamda, məncə Fukuyamanın o fikrinə qatılmaq yanlış olardı ki, liberal-demokratizmdə ağa və qul münasibətlərinin qaldırılması ilə hər şey həll olunmuşdur. Əksinə liberal-demokratizm ağa və qul münasibətlərinə sözdə azadlıq və bərabərlik gətirməklə, bir sıra ciddi problemlərə də yol açmışdır.  Əgər tarixin başlanğıcında ağa və qul olubsa, bu gün liberal-demokratizmlə bunlar aradan qaldırılırsa, bu tarixin sonu ola bilməz. Birincisi, ağa və qul münasibətləri “Qərb” ideolojisi anlamında, guya aradan qaldırılmışdır. Əslində bu münasibətlər aradan qaldırılmaqdan çox, şəkil və forma dəyişdirmişdir. Başqa sözlə, bu bir təbii haldır, və onu nə “liberal-demokratizm”, nə də başqa ideya dəyişə bilməz. Sadəcə, bu münasibətlərdə ədalətlilik gözlənilə bilər. İkincisi də, tarixin sonunun bu münasibətlərlə heç bir bağlılığı yoxdur. Bu anlamda Fukuyamanın liberal-demokratiyasının təməl prinsipləri kimi göstərdiyi azad, bərabər və öz-özünün sahibi anlayışları  mübahisəlidir. O başqa məsələdir ki, Fukuyama “Qərb”in liberal-demokratiyasını madafiə və təbliğ etmək naminə bu fikirləri irəli sürür. Yəni “Qərb demokratiyası”nı həddən artıq şişirdir və onu alternativsiz ideya kimi təqdim etməyə çalışır.

Mən “Qərb” aydınlarının bi fikirlərindən belə bir qənatə gəlirəm ki, əslində onların əsas nigarançılıqları “tarixin, dünyanın və insanın sonu” ilə bağlı deyil, artıq ilk işartıları görünən “Qərb sivilizasiyası”nın tənəzzülü problemidir. “Qərb sivilizasiyası”nın tənəzzülünün əsasında mənəvi dəyərlərin assimilyasiyası ilkin amildir. “Qərb” hər gün texnoloji və elm sahəsində irəlilədikcə, mənəviyyat sahəsində də bir o qədər geriləyir. Bu geriləmə texnolojinin və sosial rifahın gözqamaşdırıcı uğurları qarşısında bu gün az nəzərə çarpsa da, ancaq irəliki zamanlarda “Qərb”in ciddi mənəvi böhranla qarşılaşacağı birmənalıdır. “Qərb sivilizasiyası”nın tənəzzülünün ikinci amili texnologiyanın qeyri-sağlam yöndə irəliləməsi, bunun fonunda təbiətin amansız şəkildə istismarıdır. Bundan ən böyük zərbəni “Qərb sivilizasiyası”nın mərkəzi və aparıcı qüvvəsi olan ABŞ görmüş olacaq, bəlkə də 21-ci əsr onların tarix səhnəsindən silinməsi ilə yadda qalacaqdır.

Bu anlamda, “Qərb” aydınlarının “tarixin, dünyanın və insanın sonu” ilə bağlı fikirlərini önəmsəməklə yanaşı, onun şişirdilməsini yanlış görürük. Ona görə də Qərb aydınlarının iddia etdiyi kimi, bu gün dünya və insan üçün qorxulu olan nə atom bombaları, nə nüvə başlıqları, nə də başqa kimyəvi silahların mövcudluğudur. Əslində dünya və insan üçün, özəlliklə “Qərb” üçün qorxulu olan “Qərb”in dünya hökmranlığına və yüksək mədəniyyətə sahiblənmək üçün xeyiri bir kənara ataraq, şəri üstlənməsidir. Başqa sözlə, “tarixin, dünyanın və insanın sonu”nu gətirən atom bombaları, kimyəvi silahlar deyil, onları dünyaya hökmran olmaq üçün yaradan “qərblilər”dir. Deməli, “tarixin, dünyanın və insanın sonu”nu gətirən də “Qərb”, “Qərb”in mürtəce ideoloqlarıdır. Ancaq “Qərb” aydınları inandırmağa çalışırlar ki, “tarixin, dünyanın və insanın sonu” bütün dünya üçün keçərlidir. Biz bu məntiqlə qətiyyən razılaşmırıq. Dogrudur, əgər qonşun səhv yoldadırsa bundan sənə də zərərə dəyəcəkdir. Ancaq bu zərər eyni səviyyədə ola bilməz. O başqa məsələdir ki, atalarımız demişkən, cəhənnəmə gedən özünə yoldaş axtarır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı