
Bazarlarda qiymətlər “od tutub yanır”. Ötən ilin yayı ilə müqayisədə bu il meyvə-tərəvəzin qiyməti düşmür ki, düşmür...
Modern.az saytının əməkdaşı paytaxt bazarlarına baş çəkib.
Öncə yolumuzu Nəsimi bazarından saldıq. Səhər saatları olduğundan alıcılar da az idi. Gördüyümüz mənzərə heç də ürəkaçan deyildi, təbii ki qiymətləri nəzərdə tuturuq...
Əvvəl kartof-soğan, pomidor-xiyar satılan piştaxtalardan birinə yaxınlıaşdıq. Məlum oldu ki, kartofun kq-ı 1 manat 50 qəpik, soğanınkı isə 1 manat, pomidorun kilosu 2 manat 50 qəpik, xiyarın kilosu 1 manat 50 qəpikdir.
Daha sonra meyvə satılan piştaxtalara tərəf yönəldik. Satıcılırdan öyrəndik ki, gilasın 1 kilosu 5 manat, almanın kilosu 3 manat, şaftalınınkı 4 manatdır. Ərik 3 manata, alça 2 manata, gavalı 2 manat 50 qəpiyə, armud 5 manata, çiyələk isə 8 manata satılırdı. Qarpızın kilosu 60 qəpik, yemişin kilosu isə 2 manat idi.

Alıcılarla söhbətdən də aydın oldu ki, qiymətlər ötən yayla müqayisədə xeyli qalxıb. Hamı narazıydı...
Qiymət artımı ilə bağlı satıcıların da fikirlərini öyrəndik. Onlar öncə bahalığı yerpulunun yüksək olması ilə əlaqələndirdilər. Bəziləri 10-15 manat, digərləri 20 manat yerhaqqı verdiklərini bildirdilər.
”Günah bizdə deyil. Qiymətlərin bahalığı yerpulu ilə əlaqəlidir. Biz məhsulu 70-80 qəpiyə topdansatış yerlərindən alırıq, üstünə 50-70 qəpik qoyuruq. Elə vaxtlar olur ki, ziyana düşürük. Qoyduğumuz pulu çıxara bilmirik. Alıcılar da azalıb. Əvvəl günə 50, hətta 100 manata yaxın qazandığımız vaxtlar olub. Amma indi günə 20 manat heç qazana bilmirik. Alver elə də yaxşı getmir”.
Digər tərəfdən, “keyfiyyətli malın qiyməti də baha olar” deyənlər də oldu. Satıcılar topdansatış zamanı ən keyfyyətli ərzaq məhsullarını alaraq bazar qiymətinə uyğunlaşdırmağa çalışdıqlarını bildirdilər.
“Ucuz ətin şorbası olmaz. Biz topdansatışda ən keyfiyyətli malları alıb, gətirib satırıq. Ona görə burda qiymət də baha olur. Amma gedin Yaşıl bazara, ucuz satırlar. Çünki orda vaxtı keçmiş, köhnə meyvə-tərəvəzi alıb satırlar”.

Nəsimi bazarından sonra yolumuz Yaşıl bazardan düşdü. Burada alıcılar daha çox idi. Amma deyildiyi kimi də ucuzluq yox idi. Öyrəndik ki, yerpulu 4 manatdan 10 manat arasında dəyişir.
Qiymətlərə gəlinsə isə kartof-soğanın kilosu 60 qəpik, pomidor-xiyarınkı 1 manat idi.
Mövsümi meyvələr də ucuz deyildi: gilasın kilosu keyfiyyətindən asılı olaraq 1 manat 50 qəpikdən 5 manata qədər dəyişir. Gilənar və çiyələk da elə onun kimi...
Alma 2 manat, armud 3 manat, şaftalı 2 manat 50 qəpik idi.
Bir sözlə, bu günlərdə yolu bazardan düşənləri təkcə isti hava yandırıb-yaxmır, həm də meyvə-tərəvəzin qiymətləri “odlayır”...
Leyla Əfqan