Modern.az

Düşünmək vaxtıdır...

Düşünmək vaxtıdır...

Current

12 Yanvar 2016, 10:11

Tanri, xəmirimizi sevgi ilə yoğurdu. Amma mayamız sevgini tutmadı. Nifrətimiz sevgidən üstün oldu. Yaradıcı yox, dağıdıcı qüvvələrə çevrildik. Həvvanın (şeytana uydu), Adəmin (qadağan olunana əl uzatdı), Qabilin (qardaş qatili oldu) etdiyi səhvlərdən dərs götürmədik, əksinə səhvi-səhv üstünə etdik.

İnsan övladı gənclərin söz dinləmdiyi, yaşlıların yol göstərmədiyi, qadınların köhnə dəyirmana yeni adət gətirdiyi zamana gəlib çıxdı. Kişilərdən isə danışmağa dəyməz.  

Artıq, insanlıq ipi qırılmış təsbeh dənələri kimi darmadağın haldadır. Bundan sonra nə olacağını fərz etmək isə heç də çətin  deyil. Hər şey ola bilər. Hər şeyi yoluna qoymağa can atmalıyıq...

Bəlkə də bütün daşların yerindən oynaması yaxşı haldır. Çünki, sular bulanmadan əsla durulmaz. İnsan, başı əlhəd daşına dəyəndən sonra ayılır. Əvvəl-axır bu işlərin sonu bir yerə çatmalıdır. Həm də sonumuz çatmadan. Axan qan damarda durmadığı kimi, mənəvi aşınmaya məruz qalan toplum  bütün bunlardan təngə gələcək.


Vəziyyətinin ciddiliyini dərk etmək üçün dünyada baş verən proseslərə də  nəzər yetirməliyik. Bir yandan Qərb, bir yandan da müsəlman Şərqi özü-özünü məhvə doğru sürükləyir. Yaradanın adından istifadə edib güclənən din xadimlərini Rəbb elan edənlər də var.  Bir qism isə bu çirkinlikləri görüb Tanrının varlığını rədd edir, islama qarşı çıxır. İnsanlıq unudur ki,  Qərb də, Şərq də Allahındır. Biz isə  hər iki qütbdə yaradını məyus etmişik. 

Dünya, yaxşı başlayıb pis bitən, pis başlayıb yaxşı bitən çox hadisələrə şahidlik edib. Bu hadisələr minilliklərdir gecə-gündüz kimi bir-birini izləyir. Qaranlığın ən pik həddi aydınlığa ən yaxın vaxt olduğu kimi, yaşadığımız çətin günlər də  əslində, bizim üçün bir imtahan ola bilər. İnsan övladının bəzi həqiqətləri yaşayaraq öyrəndiyi aksiomadır. İbrahim Hakkının dediyi kimi…

“Haqq şərləri xeyir eylər,
Sən sanma ki, gec eylər.
Arif, həmin anı seyr eylər,
Görək, Mövlam neylər.
Neylərsə, gözəl eylər”.

Sosial şəbəkələrdə din, məzhəb, təriqət, tarix, siyasət, ideologiya, dövlət, etnik mənsubiyyət, ədalət, azadlıq, demokratiya,  millətçilik, liberalizm, kommunizm, sosializm, kapitalizm, sionizm, Mehdiçilik, Məsihçilik, qloballaşma, ailə, toplum… Demək olar ki, münbahisə etmədiyimiz mövzu qalmayıb. Ətrafda, heç nədən məlumatı olmadan qənaət sahibi olan bir yığın insan var.

Varlı, kasıb, şəhərli, kəndli, ticarətçi, işçi, məmur, hamısı bir aləmdir. Hamısı sözlə dünyaya  nizam verir. Amma kimsə səhvi özündə axtarmır  və ya görmək isəmir. Siyasətçisi, sivil cəmiyyəti, elm adamı, aydını, mətbuatı, sənətçisi hamısı bir-birinə bənzəyir. 

Həqiqət isə budur ki, biz özünütənqiddən uzağıq. Özümüzdən başqa hamı da səhv axtarırıq. Dəyişiklik istəyiriksə buna birinci özümüzdən başlamalıyıq. Özümüzü dəyişdirmədikcə, bizim haqqımızda olan hökm də dəyişməz. Allah, cahil və zalım bir topluma hidayət nəsib etməz. Onların dualarını eştiməz.

Hər kəs özünü haqqlı sayır. Hər kəs başqalarının dəyişməsini düşünür. Və hər kəs başına gələnlərdən şikayətçidir. Belə məsələləri  daha ciddi müzakirə edib, çıxış yolu tapmalıyıq. Yoxsa bu qarışıqlıq biz ağlımızı başımıza toplayana kimi dərinləşmək də davam edəcək. Qurtarıcı ola bilməzəsək də, qurtuluşa çağıranlardan ola bilərik. 

Heç olmasa bundan sonra nə maddi zənginliyə sevinək, nə də yoxsulluğa məğlub olaq. Hər ikisi keçicidir. Biz, qorxu ilə ümid arasında bir yerdə dayanaq. Sevgimiz nifrətimizdən, mərhəmitimiz qəzəbimizdən üstün olsun. Bir az da səbr edək.  İndi buna  daha çox ehtiyacımız var… 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı