Azərbaycanın dövlət orqanlarında son zamanlar ünsiyyət zamanı yenidən rus dilinə üstünlük verildiyi müşahidə olunur. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Modern.az-a deyib ki, müstəqilliyin ilk illərində bu problemin həlli ilə bağlı həddindən artıq irəliləyiş əldə olunmuşdu, hətta orta məktəblərin Azərbaycan bölmələrində rus dilinin tədrisi çıxarılmışdı:
“İndi bütöv bir nəsil rus dilini ümumiyyətlə, ingilis dilini isə yaxşı bilmir. Bu problem təkcə Azərbaycanda yox, keçmiş SSRİ respublikalarının əksəriyyətində var. Hətta Ukrayna kimi ölkədə də rus dili ilə bağlı problemlər meydana çıxıb”.
Deputat daha sonra əlavə edib ki, hazırda rus və ingilis dillərinə marağın artması peşə baxımından müsbət hal kimi qiymətləndirilməlidir.
“Buna qadağa da qoymaq olmaz. Bir məsələni xüsusi qeyd edim. Biz türkdilli ölkələrin nümayəndələri ilə müxtəlif tədbirlərdə görüşürük. Qazaxıstan, Tatarıstan, Türkmənistan və digər ölkələrdən olan insanlarla türk dilində ünsiyyət qura bilmirik. Avtomatik olaraq hamımız rus dilində danışırıq. İngilis dilini də o dərəcədə bilmirik. Buna görə də ortaq tük dili məsələsi meydana çıxır, bu ideyanın gerçəkləşib-gerçəkləşməyəcəyi isə hələ bəlli deyil”.
Komitə sədri hesab edir ki, xarici dil bilməyin heç bir ziyanı yoxdur: “Dövlət orqanında rəsmi olaraq yazı işləri sırf Azərbaycan dilində aparılır. İnsan əgər öz dilini bilmirsə, istənilən sayda xarici dildə danışması, dövlət orqanında çalışması ona üstünlük gətirməz. Dövlət qurumlarının əksəriyyətində dəhlizdə işçilər bir-biri ilə rus dilində ünsiyyət qurur. Bu, keçmişdən gələn bir təcrübədir. Bunun dövlət orqanındakı rəsmi ünsiyyətə heç bir dəxli yoxdur. “Biz rus, ingilis dilini bilməməliyik” kimi təbliğat da aparmaq düzgün deyil. Düşünürəm ki, yalnız öz dilini bilməklə öz dövlətinin həqiqətlərini dünyaya çatdıra bilməzsən”.
Gülşən Raufqızı