“Son bələdiyyə seçkilərində bələdiyyə sədrləri seçilən bir çox xanımlar çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün bir çoxları istefa verdi”.
Modern.az xəbər verir ki, bunu bu gün USAİD-in maliyyələşdirdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söyləyib.Dövlət Komitəsinin sədr müavini deyib ki, qadını qadın olduğuna görrə yox, qabiliyyət və bacarığına görə irəli çəkmək lazımdır: “Qadındır, bacarmadı” ifadəsindən uzaq olmalıyıq. Bacaran qadını irəli çəkmək lazımdır”.
S. Qəhrəmanova qadın liderliyinə nail olmaqda qadınların həmrəylinin vacib olduğunu vurğulayıb: “Ancaq ən əsas dəstək kişilərdən olmalıdır. Bir məqamı deyim. Tutaq ki, kişi bələdiyyə sədridir, bələdiyyənin üzvünə deyir ki, sən gəlmə, get eevdə yeməyini bişir, biz işləri görəcəyik. Bu, düzgün yanaşma deyil”.
O, bələdiyyələrin icra qurumlarının işlərinin müəyyən hissəsini öz üzərinə götürməyə hazır olub-olmadıqlarının da müəyyən suallar doğurduğunu qeyd edib:
“Artıq bələdiyyələr humanitar məsələlərin həllinə hazır olmalıdırlar. Məsələ, 70 il əvvəl də, bu gün də qızların təhsildən yayınmasından danışırıq. Problem aşağıdan, insanların içərindən başlayır. Bələdiyyələr də insanlarla işləyir. Bir kəndin problemi nədən ibarətdir? Qızlar erkən ərə gedir, təhsildən yayınır və s. Bu gün cəmiyyətimizdə qızlar hicaba bürünb gəlməməli, işığa doğru getməlidir. Niyə bəzi dini sektalar insanlara təmir edir, biz kənarda qalmışıq? Bələdiyyələrin nəzdində qadın, uşaq şöbələri olmalıdır. Bələdiyyələr bu istiqamətdə mütəxəssisləri həmin şöbəyə cəlb etməli, bu problemlər və onların həlli yolları araşdırılmalıdır”.
S. Qəhrəmanova bildirib ki, dünən Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayon İcra hakimiyyətlərinin müavinlərinin qarşısında çıxışı zamanı gender bərabərliyi, erkən nikahla bağlı qanunvericilikdəki məsələlərdən danışıb: “Ancaq bir çox icra başçılarının müavinləri qanunvericilikdəki bu məsələlərdən xəbərsiz olduqlarını bildiriblər. Bələdiyyələr bu işləri öyrənməlidir. Əgər icra hakimiyyətlərində humanitar şöbənin baş işçisi deyirsə ki, icra hakimiyyətində o qədər işlər var ki, bu işlərlə məşğul olmağa vaxtları yoxdur, bu, düzgün deyil”.
Namidə Bingöl