Modern.az

Söz demək səlahiyyəti

Söz demək səlahiyyəti

Təhsil

27 Noyabr 2014, 11:43

Akif Cabbarlı

Noyabrın 25-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) ədəbi dilin qorunması ilə bağlı 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri ilə bağlı hesabatı dinlənildi və bu tədbir kütləvi informasiya vasitələrində müxtəlif rakurslardan işıqlandırıldı. Bəzi informasiya proqramları və xəbər portalları burada söylənilən fikir və mülahizələri kontekstdən çıxararaq öz düşüncə və istəkləri çərçivəsində təqdim etdilər. Əlbəttə bu hallar da təbii qarşılanmalıdır. Hər hansı tədbirdə səslənən fikirlər qələm sahibləri üçün müzakirəyə çıxarılacaq qədər qiymətli və yararlı ola bilər.

Qaldı ki, hesabat yığıncağında MTRŞ-nın sədri Nüşiravan Məhərrəmlinin, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin çıxışlarında, eləcə də monitorunqləri aparan AMEA Nəsimi adına Dilçilik İnistitutu əməkdaşlarının məlumatında, ölkənin teleradio məkanında ədəbi dili normalarının pozulması halları kəskin tənqid edildi, vəziyyətin normallaşdırılması üçün mümkün variantlar nəzərdən keçirildi.

Təmsilçisi olduğum İctimai Teleradioda ədəbi dil normalarının monitorinqlərin nəticələri ilə bağlı hesabatda qeyd edildiyi kimi, digər telekanallardan fərqli olaraq daha az pozulması faktı bu qurumda digər sahələrdə olduğu kimi ədəbi dilimizin qorunması, aparıcı və studiya qonaqlarının ləhcələrdən və akademik danışıq tərzindən uzaqlaşdırılması üçün göstərilən davamlı səylərin, bu məsələyə sırf yaradıcılıq prizmasından yanaşılmasının məntiqi nəticəsi kimi yozulmalıdır. İTV rəhbərliyinin təşəbbüsü ilə yaradılmış “DİL komisiyası”nın efirə vəsiqə alan hər bir verilişin aparıcılarından ilkin tələbi məhz Azərbaycan ədəbi dilinin normalarına ciddi əməl olunması ilə bağlıdır. İTV proqramlarında çıxış edən hər kəs – istər aparıcı olsun, istərsə də dəvətli – fərqi yoxdur, komisiyanın müəyyənləşdirdiyi qaydalara sözsüz əməl edirlər. Səhər Proqramları Departamentinin bu sahədəki fəaliyyətini daha uğurlu hesab etmək olar. Departamentin direktoru Rauf Rəcəbov deyir ki, “bizim üçün əsas meyar, pozulmaz prinsip dəvət etdiyimiz qonaqların yüksək nitq qabiliyyəti və ictimaiyyət qarşısında çıxış etmək üçün qazandığı mənəvi səlahiyyətdir”.

Ayrı-ayrı təcrübəli əməkdaşların, gənc aparıcıların və jurnalistlərin efirdə və ekranda buraxdığı səhvlərin düzəldilməsi ilə bağlı iradları çox həssaslıqla qarşılanır. Hər hansı qüsura yol vermiş əməkdaşla dərhal əlaqə saxlanılır, üslub xətasının mahiyyəti müzakirə edilir və düzgün tələffüz qaydası izah olunur. Bu məsələdə hər hansı narazılıq, inciklik və qısqanclıq hissinə qətiyyən rast gəlinmir. Tənqiddən düzgün nəticə çıxarmaq hər bir İTV əməkdaşının bir növ yaradıcılıq xasiyyətinə çevirilib.

Televiziya ekranı ilə tamaşaçı arasındakı təmas körpüsündə o baş-bu başa sərbəst “addımlamaq”, öz düşüncələrini, ağlın və hissin süzgəcindən keçənləri tamaşaçı və dinləyicilərə çastdırmaq missiyası və səlahiyyəti ilk növbədə teleaparıcıların üzərinə düşür. Çox təssüflər ki, bu gün bəzi televiziyalar populyarlığa layiq olmayan adamları da məşhurlaşdırır. Bu sətiriləri oxuyanların çoxu yaxşı bilir ki, bəzi teleaparıcılar indi toy tamadalarından o qədər də fərqlənmir. Onlar toylarda etdikləri hərəkətləri, şıltaqlıq və üzlülük eleməntlərini asanlıqla televiziya ekranlarına transfer etməyi bacarırlar. Studiyaya çağrılan qonaqlarla açıq-saçıq söhbətlər, yerli-yersiz replikalar, özlərini təriflətmək cəhdləri, çoxbilmiş və hər şeydən xəbərdar obrazı yaratmaq istəyi təbii ki, ayıq tamaşaçıda ikrah hissi doğurur. Belə aparıcılar sözsüz ki, tez-tez ədəbi dilin normalarını pozur, rabitəsiz, mənasız nitq və müraciətləri ilə çağrılan qonağı da narazı salır.

Milli Teleradio Şurasında keçirilən hesabat yığıncağında da məhz bu məqamlar önə çəkildi və belə bir istək ifadə olundu ki, teleaparıcılar və jurnalistlər öz üzərlərində ciddi işləməli, dünyagörüşlərini və savadlarını artırmalı tamaşaçı və dinləyici ilə ünsiyyətdə çeviklilik, aydın zəkalılıq və kreativ düşüncəlilik nümunəsi göstərməlidirlər. Tamaşaçıya söz deyənin öz sözü və özgürlüyü gərəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı