Modern.az

Cəbhədə döyüşəcək kişilər üzərində tamahkarlıq niyyəti

Cəbhədə döyüşəcək kişilər üzərində tamahkarlıq niyyəti

Актуально

6 May 2016, 12:31

Toplumun mənfi olan bir xarakterik cəhəti düzəlir, sağlamlaşır, digər xüsusiyyəti üçün nə qədər irad olur-olsun, ictimai qınaq yaradılır-yaradılsın, düzəlmir ki düzəlmir.

Hər ilin bu vaxtlarında Azərbaycanın ali təhsil ocaqlarında tələbələrə əsassız sitəm başlayır və bu haqsız, arqumentsiz incitmə olayları müharibə şəraitində də davam edəndə,  ictimai əsəblər daha da alovlanır.

Bir tərəfdə dövlətin, millətin intiqamını, qisasını düşməndən almaq hissi dayanır, digər tərəfdə bu qisası aparacaq enerjili nəsil üzərində pul hərisliyi, tamahkarlıq niyyətləri ilə qeyri-vicdani hərəkətlər baş verir.  

Bir tərəfdə ağır artilleriya hücumları altında olan cəbhə bölgəsinin sakinlərinin ayağına qədər gedən, onları təsəlli edən Ali Baş Komandan, digər tərəfdə cəbhə bölgəsindən olan tələbələr və onların səhərləri dəhşətli top mərmilərinin səsiylə dirigözlü açan ailələrini ədalətsizliklə ayaqlayan universitet müəllimləri.

Müharibə şəraiti üçün həddindən artıq paradoksal bir vəziyyət.  Ali Baş Komandanın öz vətəndaşına sığal çəkən, mərhəmətli davranışı ilə müqayisədə, potensial döyüşçü qüvvəsi olan gəncliyi yetişdirən mühitdəki ikrahdoğuran rəftar nə qədər ziddiyyətli mənzərə yaradır. 

Söhbətin nədən getdiyi məlumdur: təhsil haqqını ödəyən, imtahanlara hazırlaşan, “dayday” və pul yollarına getməyən tələbələr təhsil haqları yarımçıq ödənən,  tapşırıq və pul gücünə elektron sistemli imtahanlara  əngəlsiz buraxılan yoldaşlarına olan bu xoş münasibətin ədalətsiz tərəflərində boğulur, məhv edilir.

Nə qədər utanmaz olmalısan ki, əllərində ödəniş çekləri olan tələbələri pulun ödənməməsi bəhanəsi ilə  imtahana buraxmayasan.

İlk baxışda sadə görünən maneənin tələbə və onun ailəsi üçün kifayət qədər mürəkkəbliyi var. Ondan ibarətdir ki,  imtahandan kənarda qalan hər bir tələbə, bu süni əngələ üç ay isti yayın məşəqqətini və başlıcası, əlavə hazırlığı aparan institut müəlliminə, təxminən 200 manat əmək haqqı anlamında bir borc ödəməlidir. İmtahanda alınmayan pul, əlavə maneədə alınsın.

Konkretlik bəlkə bir az məsuliyyət və əndişə yaradar deyə, açıq fakt ortaya qoymaq daha yaxşı olardı: söhbət Gəncənin ali məktəblərindən, xüsusilə Gəncə Dövlət Universitetindən gedir.

Əslində bütün ali məktəblərdə vəziyyət həmişə oxşar olub, çünki tələbəyə, imtahanlara yanaşmada müəllimlərin, ali məktəb rəhbərlərinin zehniyyəti elə eyni çalışır. Odur ki, konkret Gəncə Dövlət Universiteti ilə bağlı şikayətlərə ictimai reaksiyalardan, tənqidi mülahizələrdən  hər bir ali təhsil ocağına pay düşməlidir.

Deyəsən, dəfələrlə nümayiş etdirilən keçmiş müharibə filmlərinin aşıladığı pozitiv cəhətlərdən bizim ziyalı statusu verdiyimiz insanlar yaxşı  örnək ala bilməyiblər. Yoxsa, müharibə gedən bir ölkədə hər şeyə həssas yanaşma borcu, məcburiyyəti təhsil sobatajı əməlindən çəkindirmə hissi yaradardı.

Həqiqətən də, belə bəhanələrin adını çəkinmədən təhsil sobatajı qoymaq olar. Bu sabotajsa, dövlətin özünə qarşı yönəlmiş bir təxribat mənası daşıya bilir.

Çünki bu dəqiqə bizim cəmiyyətdə gənc nəslin möhkəm xarakterli, dövlətə güvənən  bir formada yetişməsi üçün məqsədyönlü siyasət aparılır. Gəncliyə böyük ehtimad mühüti yaranıb, onlar özlərini indiki hərbi şəraitdə vətənin ümid qalasına çevirə biliblər və bu pozitiv atmosferin korlanmaması üçün hər kəs öz sahəsində əlindən gələni etməliykən, müəllim maddi qazancı xatirinə əsassız irəli sürdüyü səbəblərlə  onu əzməyə, sındırmağa çalışırsa, cəmiyyət o müəllimin, o universitet rəhbərinin   yaxasından ikiəlli yapışmalıdır.  

Birincisi, ona görə ki, o tələbələr sabahın könüllüləridir və könüllülərlə bağlı səfərbərlik məsələsinə artıq start verilib. Üstəlik, onların içərisində üç aydan sonra hərbi xidmətə çağrılanlar olacaq.

İkincisi, onlar olduqları mühitdə yaxşı dəyərlərlə formalaşmalı, asan, dürüst yollarla yürüməlidirlər ki, döyüş meydanının çətinliklərində dayanmağa hazır, mətanətli olmağı bacarsınlar.

Amma ail məktəb müəllimi düşünmək istəmir ki, bu nəsil döyüşmək borcunu və bu şərəfin tərbiyəsini  təhsil mühitinin belə çirkabları, süni əngəlləri  içərisində ala bilməz. Məhz belə münasibətin nəticəsidir ki, Azərbaycan gəncliyinin xeyli bir kəsimi ölkədən kənarda təhsilə cəlb olunub və indiki müharibə şəraitində onlar, ölkə üçün  bəlkə bir könüllü döyüşçü itkisidir.

Deməli, Allah əsirgəsin, sabah  düşməndən qoruna bilməmək vəziyyətinin bir çox səbəblərini də bilavasitə belə  təhsil ocaqları, tamahkar müəllimlər yaratmış olacaq.  

Bürokratların, iri-xırda məmurların ucbatından yaranan  problemlərin sorğu-suallarını, cəmiyyət bəzən birinci şəxsin üzərinə yükləməyə,  prezidentə  yönəltməyə çalışır. Amma elə bu yerdəcə sual olunur: Ali Baş Komandan müharibə ilə məşğul olsun, yoxsa, Gəncə Dövlət Universitetində, eləcə də əksər ali məktəblərdə  baş verən oxşar əyriliklərin  izinə düşsün?! 

İçinə girdiyimiz, nöqtə tarixi bəlli olmayan müharibə stiuasiyası  Azərbaycan tələbəsinin alnındakı bu talesizliyi silmək məcburiyyəti yaradır. Onu təhsil, həm də tərbiyə auditoriyasında incitməmək gərək ki, cəbhədə şərəfli vəzifəsi başlayanda, cəmiyyətinə, bura  daxil, ədalətsiz, zalım müəllimlərinə də rahat yuxular gətirməyi bacara bilsin... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı