Modern.az

Yardımlının daha bir kəndinə su çəkildi

Yardımlının daha bir kəndinə su çəkildi

مورد توجه

11 Avqust 2016, 15:39

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq  içməli su çatışmazlığının  müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun Vərov kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.

 

 

Vərov kəndinə içməli suyun verilməsi ilə əlaqədar təşkil olunmuş tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bölgələrdə   genişmiqyaslı  infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

 

 

Yardımlı rayonundan millət vəkili seçilmiş Musa Qasımlı mürəkkəb relyefə malik kəndlərin içməli su probleminin həll edilməsini böyük hadisə adlandırmış, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

 

 

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin  gələcəkdə də davam etdiriləcəyini diqqətə çatıb: “Möhtərəm Prezident İlham Əliyevin istehlakçıların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Vərov kəndini içməli su ilə təmin etmək üçün magistral su xətti çəkilmiş, su anbarı tikilmiş, bulaq quraşdırılıb. Layihənin icrası nəticəsində kəndin 500-dək sakininin içməli su təchizatı yaxşılaşıb”.

 

 

Tədbirdə çıxış edən kənd sakinləri bildirmişlər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən, hətta qonşu kəndlərdən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.

 

 

Ümumilikdə, bu layihə Yardımlı rayonunun 15 kəndini - Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Bu kəndləri içməli  su ilə təmin etmək üçün mənbə olaraq Sineyir çayı  hövzəsindəki bulaqlar seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilmiş, buradan yaşayış məntəqələrinə qədər 27 km magistral kəmər çəkilmiş, su anbarları tikilib. 2015-ci ildə  Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinə suyun verilməsi təmin edilmiş və  6 min sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Ümumilikdə Yardımlı rayonunun 15 kəndini əhatə edən layihədən 12 min nəfər faydalanacaqdır.           

 

Modern.az

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı