Dünəndən başlayaraq ölkə ərazisində yağışlı hava müşahidə olunur. Paytaxtda, eləcə də, bölgələrdə yağışlar intensiv xarakter almaqdadır.
Yağışların bu formada davam etməsi hansı fəsadlara yol açacaq?
Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Modern.az-a açıqlamasında bəzi ərazilərdə sürüşmənin aktivləşəcəyi barədə məlumat verib.
“Yağışların uzun müddət davam etməsi ölkə ərazisindəki bütün çaylarda bəzi hallarda daşqınlara keçə bilən gursululuğa gətirib çıxaracaq. Daşqınların bəzisi sel xarakterli ola bilər. Əsasən Şinçay, Kişçay, Dəmiraparançay, Göyçay, Girdimançay və Quba tərəfdə Qusarçay, Qudyalçay və Vəlvələçayda müşahidə olunacaq. Eyni zamanda, yağışların uzun müddət davam etməsi səthdə yatan süxurların dolmasına gətirib çıxarır ki, bu da mütləq bir çox ərazilərdə sürüşmə hadisələrinin fəallaşması ilə müşahidə olunacaq. Avtomobil yollarından ən böyük ziyan Qobustan-Şamaxı hissəsinə, Lənkəran-Lerik yoluna və İsmayıllının Baskal zonasına ziyan dəyə bilər”.
İnstitutun direktor müavini paytaxt ərazisindəki sürüşmə zonalarının da adını açıqlayıb.
“Yağışların paytaxt ərazisində belə uzun müddət davam etməsi öz təsirini göstərəcək. Xüsusilə, aktiv sürüşmə zonası olan Zığ massivində sürüşmə daha da fəallaşacaq. Həmçinin, Bayıl yamacında, Günəşlidəki “Kərpic” zavodu və Masazır zonasındakı sürüşmə sahələrində aktivliyin xeyli artması gözlənilir”.
Elbrus Əlizadə Avtovağzal ərazisinin yenidən sürüşməyə məruz qala bilməsinə də aydınlıq gətirib.
“Güman edirəm ki, Avtovağzal ərazisində yenidən sürüşmə məsələsi gündəmə gəlməyəcək. Çünki orada sürüşmənin yaranmasına səbəb olan təpəciklər yığışdırılıb. Yolun bünövrəsi də xeyli möhkəmlənib. Ona görə də yenidən sürüşmə təhlükəsi gözlənilmir”.
Namidə BİNGÖL