Modern.az

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illik yubileyi qeyd edilir

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illik yubileyi qeyd edilir

Aktual

8 İyun 2017, 16:46

Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 illik yubileyi  və YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyi tamam olur. Bu əlamətdar günlərin qeyd edilməsi çərçivəsində yerli və beynəlxalq ekspert və alimlərin iştirakı ilə 13-14 iyun tarixlərində “Qobustan – Mədəniyyətlərin qovşağında qayaüstü İncəsənət” adlı Beynəlxalq  konfrans keçirilir.

Rəsmi açılış mərasimi 13 iyun saat 10.00-da “Rəsmi Qəbullar Sarayı” (Səadət Sarayı) – Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 6 ünvanında keçiriləcək.

Konfransda  Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi və beynəlxalq elmi-əməkdaşlıq çərçivəsində Qobustan qoruğunun əməkdaşları tərəfindən apardığı sahəvi tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin   təqdimatı keçiriləcək. Layihəyə əsasən ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açıb.

Həmin gün, Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan  Milli tarix-bədii qoruğunda təntənəli  yubiley tədbiri keçiriləcək. 

(Avtobuslar: saat 14.30-da Neftçilər prospekti, Funikulyorun qarşısından yola düşəcək).

Azərbaycan insan yaranandan bu   günədək bəşər tarixinin bütün dövrlərinə aid tarixi-arxeoloji abidələrlə zəngin bir  ölkədir. Qobustan – insanın ilk yaranma ocaqlarından biridir.  

İlk dəfə olaraq 1939-cu ilin baharında görkəmli arxeoloq İshaq Cəfərzadə Cingirdağ-Yazılıtəpə ərazisində qayaüstü təsvirləri qeydə almış və bununla da Azərbaycan tarixində, mədəniyyətində əvəzsiz yeri olan Qobustan abidələri elm aləminə təqdim olunub.

XX əsrin 60-ci illərindən İ.Cəfərzadənin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən uğurla davam etdirilib.  Keçən bu müddət ərzində Qobustan təkcə yerli alimlərin deyil, həmçinin xarici arxeoloqların, elm adamlarının daim görmək və tədqiqatlarında iştirak etmək istədiyləri qayaüstü təsvir mərkəzlərindən birinə çevrilib.

Üst paleolitdən (qədim daş dövrü) eramızdan əvvəl XVIII-XV – minilliyinədək dövrü əhatə edən Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Qayalarda kişi və qadın, vəhşi öküz, keçi, maral, şir, vəhşi ceyran, at, it, canavar, donuz təsvirlərinə rast gəlmək olar. Həmçinin, atlı və piyada ov səhnələri, döyüş səhnələri, kollektiv əmək səhnələri, qurban kəsmə, biçin səhnələri qeydə alınmışdır. Müasir Azərbaycan xalq rəqsi olan «Yallı»nı xatırladan tək və qrup halında mərasim rəqslərinə təsadüf olunur.

Bundan əlavə, ərazidə Azərbaycanın orta əsrlər tarixinin müxtəlif dövrlərinə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılar və I əsrin sonunda XII  ildırımsürətli Roma legionunun burada olmasını təsdiq edən qədim Roma yazısı var.

Cingirdağın şimal-şərq ətəyində yerləşən və «Qavaldaş» adlanan daş çox böyük maraq kəsb edir. Ehtimal olunur ki, bu səsli daşdan mərasim rəqslərinin yerinə yetirilməsində primitiv zərb musiqi aləti kimi istifadə olunurdu.

Qobustan qaya rəsmlərinin, mədəni landşaftının qorunması, tədqiqi və təbliği məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 503 nömrəli 09 sentyabr 1966-cı il tarixli Qərarı ilə Qobustan Dövlət tarix-bədii qoruğu yaradılmış və 1967-ci ildən fəaliyyətə başlayıb.

Hazırda Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılmış və öyrənilib. Nəticə olaraq, 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir  və 105 000 ədəd arxeoloji material qoruğun fonduna daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şəxsi səyi nəticəsində  29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib və 2013-cü ildə Qobustan qoruğuna YUNESKO tərəfindən Dünya İrs Siyahısında olan çox az sayda tarixi ərazilərə şamil edilmiş “gücləndirilmiş mühafizə” statusu verilib.

Qobustan qoruğunda  milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti «Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» 11 iyun  2007-ci il tarixli  2213 nömrəli Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2007-ci il tarixli Qərarı ilə qoruğa Milli qoruq statusu  verilib.

Azərbaycan Respublikası  Prezidentinin müvafiq sərəncamı əsasında Qobustan Milli qoruğunun ərazisində aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri nəticəsində yeni inzibati  və muzey binası tikilərək istifadəyə verilmişdir. 2012-ci ilin dekabr ayının 26-da cənab Prezident İlham  Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə  muzey binasının  acılışında iştirak ediblər.

2012-ci ildə  Portuqaliyanın Penofil şəhərində Avropa muzeylər forumunda  təqdim olunmuş “Avropanın ən yaxşı muzeyi” nominasiyasında iştirak edən müxtəlif ölkələrin 51 muzeyləri arasında  Qobustan Milli tarix-bədii qoruğu “European Museum of theYear Award” mükafatına layiq görülən 8 muzeydən biri olub.

2015-ci ildə Qobustan Milli tarix-bədii qoruğunun Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış “daş üzərində qədim yazılar” mədəni turizm marşrutlarına (PRAT-CARP) daxil edilib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı