Həyatını öz xalqının müqəddəratına, taleyini isə onun suverenliyinə, müstəqilliyinə və inkişafına həsr etmiş şəxsiyyətin - Azərbaycan xalqının xilaskarı və Ümumilli lideri Heydər Əliyevin ölkə Prezidenti seçildiyi gündən 25 il ötür.
XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət, tez-tez baş verən hakimiyyət dəyişiklikləri, sabitliyin pozulması və xalq kütlələrinin kütləvi etirazları ilə səciyyəvi idi. AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi nəticəsində baş verən bütün bu prosseslər, anarxiya və xaos sonda özünü hakimiyyət böhranına gətirib çıxardı və insanları vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
Baş verən bütün bu prosseslər hər zaman öz xalqının yanında olan Heydər Əliyevi çox ciddi narahat edirdi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin rəhbərlərindən biri olan Heydər Əliyev 1987-ci ilin oktyabrında Siyasi Büronun və şəxsən Baş Katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrindən istefa verdi. Xalqımızın ən ağır günlərini yaşadığı qanlı 20 yanvar hadisələri vaxtı o, Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətə kəskin münasibətini bildirmiş və faciənin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdi.
Dağlıq Qarabağla bağlı yaranmış münaqişə Heydər Əliyevin diqqətində saxladığı ən vacib problem idi. O, bu məsələdə ədalətsiz mövqe tutan SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
Azərbaycanın o vaxtkı hakimiyyəti Heydər Əliyevin şəxsi nüfuzunu və siyasi gücünü çox yaxşı görürdü və bilirdi. Hər yolla onun hakimiyyətə gəlməsinə mane olur, onun devrilməsinə çalışırdılar. Amma hər dəfə bütün bu planlar iflasa uğrayırdı. Çünki xalq öz xilaskarını müdafiə etməyi bacarırdı. Xalq bilirdi ki, bu çətin günlərdən, xaosa çatmış vəziyyətdən onları yalnız Heydər Əliyev xilas edə bilər. Ona görə də əhalinin böyük əksəriyyəti yeganə çıxış yolunun yalnız Heydər Əliyevin Bakıya dəvət edilməsində gördülər.
Azərbaycan xalqı hakimiyyətə Heydər Əliyevi çağırmaqla ümidlərini doğrulda biləcək və ölkəni gələcəyə inamla aparmağa qadir yeganə liderinə etimad və etibar etdiyini göstərdi. Ölkə həyatında baş verən sonrakı prosseslər isə xalqın bu inamında yanılmadığını sübut etdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Həmin illərin çətinliyini, mövcud problemlərini bilərək bu böyük məsuliyyəti öz üzərinə götürən Heydər Əliyev sədr olduğu ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə əməl etdi. Milli Məclisin bütün sessiya və iclasları bir başa yayımlanır, mətbuat konfransları keçirilir, xalqın bütün problemləri və onları narahat edən məsələlər elə onların gözü qarşısında və özlərinin iştirakı ilə həllini tapırdı.
Heydər Əliyev hakimiyyətə gələndə özünün siyasi iradəsi və idarəçilik bacarığı sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, inkişaf və tərəqqi ilə dolu gələcək illərə inamla qədəm qoyub. Bu baxımdan Heydər Əliyevin Respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.
Heydər Əliyevin siyasi çəkisini daha dolğun dərk etmək üçün tarixi məqamları araşdırmağa ehtiyac vardır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz dövlət müstəqilliyini yeni bərpa etmişdi və Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa məcbur edirdi. Heydər Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu bu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları “Əsrin müqaviləsi” imzalandı. Bu sazişlə ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yarandı, dünya xəritəsindəki mövqeyi daha da möhkəmləndi.
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, rəhbərlik etdiyi bu dövr ərzində bu məsələyə əsas prioritet kimi yanaşmağa və böyük diqqət ayırmağa başladı. Bir müddət sonra isə Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı.
Heydər Əliyevin qətiyyəti sayəsində ölkədə hərc-mərcliyə son qoyuldu və artıq bir dövlət olaraq formalaşan və inkişaf etməkdə olan Azərbaycanda əmin amanlıq və ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Aqrar sahədə islahatlar, torpağın kəndliyə verilməsi, qədim İpək yolunun bərpası, ölüm cəzasının ləğvi və senzuranın götürülməsi ilə dünyəvi demokratik hüquqi dövlət quruculuğunda çox böyük addımlar atılmış oldu. Günü-gündən inkişaf edən ölkəmiz Heydər Əliyevin siyasi iradəsi və şəxsi nüfuzu sayəsində beynəlxalq müstəvidə xarici əlaqələrini genişləndirdi.
Ulu öndərin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması, milli qanunvericilik bazasının yenidən hazırlanması, ilk parlament və bələdiyyə seçkilərinin keçirilməsi və ölkəmizin Avropa şurasına üzv olması yaddaşlara həkk olunmuş tarixi hadisələrdir.
Bu gün Heydər Əliyevin siyasi irsindən bəhrələnərək inamlı addımlarla parlaq gələcəyə doğru gedən qüdrətli Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni hədəflərə doğru irəliləməkdədir. Biz gənclər də inkişaf və tərəqqiyə gedən bu yolda bir amal ətrafında birləşərək Heydər Əliyevin arzularını doğrultmağa və vətəndaş olaraq üzərimizə düşən bütün vəzifələrimizi yerinə yetirməyə özümüzü borclu sayırıq.
Elman Aslanov
YAP Gənclər Birliyinin üzvü