Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda, “Yeni Azərbaycan Partiyasi”nin fəalları və bir qrup gənclərlə görüş keçirib. “YAP” Lənkəran şəhər şöbəsinin akt zalında baş tutan görüşdə Lənkəran Şəhər icra başçısının birinci müavini, “YAP” Lənkəran şöbəsinin sədri Möhöbbət Babayev də iştirak edib.
Modern.az xəbər verir ki, tədbiri açan Möhöbbət Babayev görüş iştirakçılarını salamladıqdan sonra, çıxış üçün sözü millət vəkilinə vermişdir.
Son zamanlar ölkədə gedən proseslərdən, cənab prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlardan geniş söhbət açan millət vəkili, onu da qeyd etmişdir ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olan əmin-amanlıq, sabitlik, iqtisadi və sosial inkişaf yoxdur.
Söhbətin böyük hissəsi ölkə xaricindən idarə olunan sosial şəbəkələrdəki yalan, iftira, təhrif və söyüşlərdən getdi. Müzakirələrdə iştirak edənlər belə strukturlara qarşı hüquqi normalar daxilində mübarizə aparilmasını tələb etdilər.
Mətbuatda səslənən, geniş müzakirə mövzusuna çevrilən bir fakta aydınliq gətirməklə, görüş iştirakçıları ayrı-ayrı yanlışlıq və iftiralar yayılmasını pislədilər. Onlar qeyd etdilər ki, mətbuatda səslənən, əslində kökündən yalan olan, Lənkəranda guya qızlar məktəbdən yayınır fikirlərini rəqəmlərlə təkzib etdilər.
Onlar qeyd etdilər ki, təkcə 2018-ci ildə rayonun umumtəhsil məktəblərinin XI siniflərinibitirən 1658 nəfərdən 730 nəfəri qızdır. Ali məktəblərə qəbul olunan 611 nəfərdən 289 nəfər, 600 baldan yuxarı nəticə göstərən 51 nəfərdən 19 nəfər, 500 baldan yuxarı nəticə göstərən 68 nəfərdən 38 nəfər, “Ədəbiyyat biliciləri” və “Ən yaxşı təqdimat” müsabiqələri respublika mərhələsinin Lənkərandan olan qalibləri qızlardır.
Son 7 ildə fənn olimpiyadalarının respublika mərhələsinin 33 qalibindən 13 nəfər, Prezident təqaüdünə layiq görülmüş 18 nəfərdən 7 nəfər, tam orta təhsili qızıl medalla başa vurmuş 18 nəfərdən 9 nəfər qızlardır.
Sonda iştirakçılar onları maraqlandıran suallar vermiş və aldıqları cavaba görə təşəkkürlərini bildirmişlər.