Modern.az

“Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikri bu gün tam reallaşıb

“Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikri bu gün tam reallaşıb

مورد توجه

10 May 2019, 10:41

Bu günlərdə biz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış tarixi bir şəxsiyyəti, böyük Heydər Əliyev şəxsiyyətini anırıq. Adətən tarixçilər bu və ya digər şəxsiyyətə qiymət verərkən onun “tarix yazdığı” ifadəsini işlədirlər. Bu ifadə cəmiyyətin inkişafını müəyyən etmək və ümumiyyətlə tarixin gedişatını dəyişmək qabiliyyəti ilə ölçülür. Bu mənada şübhə yoxdur ki, Heydər Əliyev şəxsiyyəti 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvəllərində Azərbaycanda böyük tarix yazıb.


Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan uğurlu daxili və xarici siyasətin nəticəsində bu gün dövlətimizin dinamik inkişafı, eləcə də ölkənin ictimai-siyasi və sosial-iqtisadi yüksəlişi təmin edilib. Bu gün bu iş, Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilir.


Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi və inkişafı məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində hər zaman tərəqqisi üçün çalışdığı Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından çıxarmış və onu daha da irəliyə aparmışdı. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun artması Heydər Əliyevin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.


Bu gün ölkəmizin müxtəlif sahələrdə qazandığı nailiyyət və uğurlar beynəlxalq səviyyədə şəksiz etiraf olunur. Bu uğurların arxasında isə dövlət səviyyəsində aparılan ardıcıl və səmərəli siyasət durur. Hələ 90-cı illərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət və bu istiqamətdə qəbul edilmiş müxtəlif proqram və layihələr, hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Bizim əsas qayəmiz bu siyasəti hərtərəfli şəkildə dəstəkləməkdən ibarətdir.


Tarix elmi bu gün etiraf edir ki, 1993-cü ildə Azərbaycanı böyük fəlakətdən xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi xaosdan qurtardı. Məhz Heydər Əliyevin siyasi istedadı Azərbaycan xalqını və Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. 1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi üçün zəmin yaratdı.
Heydər Əliyevin fəaliyyəti böyük tarixi irsdir və hazırkı nəslin əsas amallarından biri bu irsi təbliğ etmək və onu gələcək nəsillərə çatdırmaqdır. Heydər Əliyev adı elə bir böyük addır ki, onu təmsil etmək və bu adı daşımaq böyük məsuliyyət və qürur hissi yaradır. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan cəmiyyəti üçün əvəzedilməzdir. Heydər Əliyev Fondu Heydər Əliyevin xatirəsinə xalqımızın dərin ehtiramını ifadə etmək arzusundan, onun misilsiz irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. 
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 


2017-ci ildə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması onun ictimai-siyasi nüfuzunun məntiqi nəticəsi oldu və bu gün o, Azərbaycan cəmiyyətində böyük nüfuza malikdir. Bu təyinatdan öncə Mehriban Əliyevanın elm və təhsil, səhiyyə, mədəniyyət, sosial, ətraf mühit və digər sahələrdə gördüyü işlər misilsizdir. Bütün bunlar onun xalq arasında böyük hörmət qazanmasını şərtləndirib. Beləliklə, iki il öncə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan əhalisinin geniş təbəqələrinin arzusu ilə üst-üstə düşdü.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr yalnız Azərbaycanı deyil, həm də bir sıra xarici ölkələri əhatə edir. Nəticə etibarilə bu fəaliyyət Azərbaycanın xaricdə təbliğini təmin edir. Bununla da Heydər Əliyev Fondu müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin xatirəsinə böyük ehtiramını ifadə edir.


Bu gün Mehriban xanımın öz fəaliyyətində xüsusi diqqət yetirdiyi sosial məsələlər cəmiyyət üçün kifayət qədər həssas sahədir. Vətəndaşların səhiyyə, məşğulluq, mənzil və digər zəruri ehtiyaclarının ödənilməsi çevik idarəçilik və planlı iş tələb edir. Mehriban Əliyevanın ictimai nüfuzunun arxasında məhz bu sahədə əldə etdiyi uğurlar durur. İnsanlar Mehriban xanımın əzmkarlıq və səmimi şəkildə onların problem və qayğılarına yanaşdığını görür və ona olan rəğbətləri daha da artır. Yəni sıravi vətəndaşlar onun şəxsində doğma və əziz bir insan görür. Mehriban Əliyeva xaricdə Azərbaycanı çox uğurla təmsil edir. Həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Mehriban xanımın beynəlxalq aləmdə də böyük nüfuzuna səbəb olub.


Birinci vitse-prezidentin ölkədə və xaricdəki xeyriyyəçilik fəaliyyəti və müxtəlif humanitar aksiyalar Azərbaycan üçün son dərəcə müsbət imic yaradıb. Belə ki, Avropanın siyasi dairələrində Azərbaycan dövlətinin və rəhbərliyinin nüfuzu çox yüksək səviyyədədir. Bir sözlə, Mehriban xanım Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması işinə böyük töhfə verir. Birmənalı şəkildə demək olar ki, Mehriban xanımın fəaliyyətinin mərkəzində insan amili dayanır. İnsanların problemlərinin həll edilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, insan potensialının inkişafı onun gündəlik fəaliyyətinin prioritetləridir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, məktəblərin inşası, uşaq evlərinin tikilməsi, ehtiyacı olan şəxslərin mənzillə təmin olunması və digər məsələlərin çözümü böyük iradə və əzmkarlıq tələb edir. Mehriban xanım sübut etdi ki, o bu işin öhdəsindən uğurla gəlir. 


Azərbaycan insanının ona böyük rəğbəti var və bu amil Azərbaycan üçün yeni nailiyyət və uğurları şərtləndirəcək.


Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikri bu gün tam reallaşıb. Bu gün dünya birliyi müstəqil, qüdrətli və firavan Azərbaycan dövlətini bir örnək kimi göstərir. Biz ulu öndəri böyük hörmət və ehtiramla xatırlayır və yad edirik. Bugünkü nəslin əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək və onun zəngin irsindən bəhrələnərək bu işə xidmət edən müxtəlif proqram və layihələrin reallaşmasına kömək etməkdir.

Elşad HƏSƏNOV,
Milli Məclisin deputatı.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı