Modern.az

Ekologiyanı “sağanlar”...

Ekologiyanı “sağanlar”...

مورد توجه

2 Avqust 2019, 15:15

Yay fəsli gələndə həmişə bizim camaatın dənizə getmək, nə bilim özünü suya vurub bir “ohayyy” deyib yayın dadını çıxarmaq həvəsi daima qursağında qalıb.

 

Əminəm ki, hazırkı yay fəslində də belədir. Çünki əksər dəniz qırağı sahillərimizin ekoloji vəziyyəti, buralarda işbazlar tərəfindən yaradılan şərait və əsasən də suyun tərkibinin hansı vəziyyətdə olması bizim camaatın özünü dənizə atıb, bir ürəkdən yayın dadını çıxarmasına, dincəlməsinə imkan yaratmır. Sanki alnımıza yazılıb hər il bu rahatlıq və gözəlliyə həsrət qalmaq. A kişi, fikirləşəndə adamı cin vurur. Biz niyə başımıza gələnlərdən dərs almırıq. Niyə ekologiyanı, təbiəti ağılsızcasına məhv edib, bizdən sonra gələnlərin ömründən oğurluq edirik?. Allahın bizə bəxş etdiyi 9 iqlim qurşağından bəhrələnə, zövq ala bilmiriksə, əvəzində hər gün min cür tullantılarla zibilləyib sonra içinə girdiyimiz sularda sağlamlıq axtarırıqsa, bizə nə desən azdır. İlk növbədə təbiətlə bağlı ictimai düşüncəmizdə, beyin “mühərrikimizdə”  “budama işləri” aparmağın vaxtı çoxdan çatıb...

 

Necə olur ki, dəniz bizim, 9 iqlim qurşağı bizim, amma bunun keyfini çıxarmaq ALNIMIZA YAZILIB, AMMA AĞLIMIZA YOX!. Nədən?. Səbəblər o qədərdir ki. Amma ilk öncə elə özümüzdən, dəniz qırağında özümüzü aparmağımızdan, ətraf mühitə vurduğumuz zərbələrin öz sağlamlığımıza və övladlarımızın gələcək həyatına verəcəyi ziyanlardan danışaq. Sözsüz ki, beş-üç manat üçün çimərlikləri hasara alıb “GUANTANAMO”ya çevirənlər,  sağlamlıq və yuyunmaq üçün getdiyi çimərlik ərazisini qida zibilliyinə döndərib, sonra da “qəhrəman kimi” geri dönənlər, vəhşi və barbar cəngəllik “mədəniyyətinə” sahib olanlar ilk öncə müzakirə olunmalıdır. Təbiəti, ekologiyanı şəxsi biznesi üçün alətə çevirənlər, iş adamı deyil, kütbeyin pul hərisləridir. Onları qətiyyən maraqlandırmır suyun təmizliyi, ətrafdakı ekoloji-sanitar normalar. Axı bu çimərliklərdə, dəniz sahilində insan övladı istirahət edir, sağlamlığını qoruyur. Nədən təbiətə, ətraf mühitə qarşı bu qədər kütbeyin qəssab roluna girmişik?


Məgər məhv etdiyimiz bu ərazilər, çirkləndirib min bakteriya ilə “bəzədiyimiz” dəniz suyu, qarpız, yemək qabıqları ilə üfunətə çevirdiyimiz dəniz sahilləri bizim uşaqlarımızın gələcəyinə balta çalmır?. Məgər öz əlimizlə udduğumuz, ciyərlərimizə çəkdiyimiz oksigeni bu hala salmaqla bizə Allahdan bəxş olunan ÖMRÜMÜZÜ özümüz qısaltmırıqmı?

 

Bir çox işbazlar yay gələn kimi, dəniz sahillərini dövrəyə alıb, pullu “xidmət” göstərməyə çalışırlar. Lap orta əsrlərdəki feodallar kimi. Sanki bu çimərlik və dəniz sahilləri ulu balalarından ərəb dilində yazılmış vəsiyyətnamə ilə bunlara qalıb. Adicə maşını bu çimərliyə keçirmək üçün nə qədər pul ödəməlisən. Daha onun içərisindəki ərşə qalxan fantastik qiymətləri, gündən qorunmaq üçün lazım olan əşyaları əldə etməyi demirəm. Əvəzində suyun tərkibi, dəniz sahillərinin təmizliyi o biri çimərliklərdən qəti fərqlənmir. Bu “xidmət” ancaq bahalı ərzaq satışı, dənizə girmək üçün bahalı ödəniş barədədir. Başqa heç nə!

 

 Barbar, pul hərisinə bulaşmış düşüncə də öz yerində. Biz bu gün sadəcə ancaq çimərliklərimizdə ekologiyamıza, təbiətimizə və ən əsas da sağlamlığımıza vurulan zərbədən danışdıq. Amma ekoloji terror çimərliklərlə qurtarmır. 100 illik ağacları bir-neçə dəqiqəyə məhv edənlər, oksigenə ölümcül kimyəvi tullantılar buraxanlar, nə bilim yüz cür hoqqadan çıxanlar təbiətə qarşı nasist vəhşilik üçün sıraya düzülüblər.


Bir çoxları da ekologiyanı əməllicə “sağmaqla” məşğuldurlar. Amma bu kütbeyin axmaqlar sürüsü bir şeyi dərk etmirlər ki, “sağılan”, ekoloji terror olunan təkcə təbiətimiz deyil, ən əvvəl elə öz gələcəyimiz, bizdən sonra gələn balalarımızın ömrünü bəribaşdan yarıdaca kəsməyimizdir. Nadan sürüsü, təbiətə vurulan hər zərbə, səndən sonra gələnlər üçün qazılan məzarlıqdır!.

 

Mətləb Salahov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı