“Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanması məqsədilə Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 2012-ci il 11 santyabr tarixdə Dövlət Kadrlar İdarəsinin yeni başqanı Mehmet Ali Kumbuzoğlu ilə görüşüb.
Komissiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüş zamanı Mehmet Ali Kumbuzoğlu və Bəhram Xəlilov dövlət qulluğu sahəsində Türkiyə və Azərbaycanda aparılan siyasət barədə fikir mübadiləsi aparıb və iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildiriblər.
Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı” imzalanıb. Sənədi Türkiyə tərəfindən Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Ali Kumbuzoğlu, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov imzalayıb.