Sumqayıt şəhərində 15-ci məhəllədə yerləşən 7 saylı yataqxana sakinləri illərdir ki, qəzalı vəziyyətdə olan binada yaşayırlar. Yataqxana sakinləri hər gün bu binanın başlarına uçacağını gözləyirlər. Bir neçə gün əvvəl adıçəkilən ünvanda baş verən yanğın uçmaqda olan binanın dağılma riskini daha da artırıb. Sakinlərin bildirdiklərinə görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri yataqxanadakı vəziyyətdən xəbərdardırlar, hətta Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov xeyli müddət olar ki, adıçəkilən ünvanda olub. Amma yataqxanadakı vəziyyət dəyişməz olaraq qalıb, necə deyərlər, köhnə hamam, köhnə tas.
Məsələ ilə bağlı
Modern.az saytı olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. SŞİH-nin başçısı Eldar Əzizovun köməkçisi Coşqun Cəbrayılov bildirdi ki, məsələdən xəbərdardırlar: “Bu məsələ həmişə gündəmdə olub, yeni problem deyil. Müraciətlər əsasında biz bu məsələyə bir dəfə baxmışıq. Yataqxananın təmiri ilə bağlı layihənin smeta sənədləri hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub. Hazırda bu məsələ müzakirə olunur. Nazirlər Kabineti, Maliyyə Nazirliyi ilə birgə layihənin 2013-cü ilin investisiya proqramına salma məsələsinə baxılır. Bu, şəhər icra hakimiyyətinin gücü çatan bir layihə deyil, bunun üçün böyük bir vəsait tələb olunur. Məsələ ilə Nazirlər Kabineti və Maliyyə Nazirliyi məşğul olur”. C. Cəbraylov qeyd edib ki, hazırda yataqxanada yüngül təmir işlərinin aparılması üçün İcra Hakimiyyəti tərəfindən tapşırıqlar verilib “Orada yaşayan sakinlərin çoxunun müqaviləsi yoxdur. Hazırda yataqxanada yaşayanların qeydiyyatı aparılır, bu da bir az vaxt tələb edir. Gələcəkdə yataqxanada əsaslı təmir aparılarsa, vətəndaşlar oradan çıxarılacaq. Təmirdən sonra isə kimin yataqxanada müqaviləsi, sənədləri varsa, həmin sakinlər yataqxanaya yerləşdiriləcəklər. Yüngül təmir işlərinin aparılmasına isə bu günlərdə başlanılmalı idi. Yəqin ki, bu təmir yataqxananın dəhlizinə, girişinə aid olacaq. 2013-cü ildə yataqxana sakinlərinin müvəqqəti olaraq harada yerləşəcəyi məlum deyil. Məsələ həllini tapandan sonra bir söz demək olar, indidən nəsə demək tezdir”, – deyə C. Cəbrayılov bildirb.
Nihadə Eyyubova