Hazırda Ukraynada davam edən müharibədə həlak olan, yaralanan, ümumilikdə zərərçəkənlər arasında təəssüf ki, azərbaycanlılar da var.
Ötən ay müharibədə girov götürülən, Ukraynada təhsil alan azərbaycanlı tələbə Hüseyin Abdullayev də onlardan biridir. Sevindirici haldır ki, əslən Neftçalanın Tatarməhlə kəndindən olan Hüseyn, bir neçə gün öncə azad olundu.
Modern.az-ın məlumatına görə, AzEdu.az tələbəmizlə əlaqə saxlayaraq ümumi vəziyyəti maraqlanıb.
H.Abdullayev onunla yanaşı əsir götürülənlər arasında tək azərbaycanlı olduğunu bildirib:
“Mariupol Dövlət Universitetində 3-cü kursda təhsil alırdım. Martın 17-si şəhərdən çıxan zaman çeçenlər tərəfindən girov götürüldüm. Məndən başqa girov götürülən azərbaycanlı yox idi, qalanları ukraynalılar idi. 25 gün müddətində müxtəlif işgəncələrə məruz qaldım. Bir neçə gün öncə çeçen rəis Ramazan ayına görə əsirlikdən buraxıldığımı dedi. Amma bu səbəblə məni buraxdıqlarını düşünmürəm. Burada olan digər azərbaycanlılar onunla əlaqə yaradıb, azad olunmağım üçün danışıblar. Bunun nəticəsi olaraq girovluqdan azad edildim".
O, ailəsilə danışdığını, təxminən 3-4 günə Azərbaycana qayıdacağını bildirib.
Qeyd edək ki, H. Abdullayev hazırda xəstəxanadadır, vəziyyəti normaldır. Soydaşımızın girovluqdan azad olunması üçün Ukraynada qalan sıravi azərbaycanlılar bütün bu müddətdə əllərindən gələni ediblər.