Modern.az

Füzuli azadlığın və inkişafın xoşbəxtliyini yaşayır

Füzuli azadlığın və inkişafın xoşbəxtliyini yaşayır

Aktual

16 Oktyabr 2022, 21:18

Müasir Azərbaycan tarixinin istənilən hadisəsi, cəmiyyətdə gedən istənilən proses bu və ya digər şəkildə Zəfər savaşımızla bağlıdır. Vətən müharibəsi yalnız ərazi bütövlüyümüzün bərpası faktı ilə məhdudlaşmadı, bu savaşın nəticələri bir xalq olaraq bizə qaliblik statusu qazandıraraq təqvim yaddaşımızı da təzələdi.

 

Bu gün biz artıq təqvimdə hüznlə iğal günlərini deyil, qələbə tarixlərini qürurla qeyd edirik. 17 oktyabr Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. 1993-cü ilin hərbi-siyasi xaosu nəticəsində işğal olunan Füzuli rayonu təbiətin füsunkar məkanlarından biri olmaqla yanaşı, həm də çixsaylı tarixi abidələr diyarı olub.

 

1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyaqin kimi tanınan  rayonun adı dəyişdirilərək Füzuli adlandırıldı. Sonrakı illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində digər rayonlarımız kimi bu yurd yerimizə də dövlət qayğısı artdı və nəticədə Füzuli sürətli inkişaf dövrünə qədəm qoydu.

 

İşğal nəticəsində Füzulinin bütün infrastrukturu darmadağın edildi, rayonun müdafiəsi zamanı yerli sakinlərindən 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü, 400 nəfərədək şəxs müxtəlif dərəcədə xəsarət aldı. Qəsb olunaraq ağrılı tale yaşayan Füzuli uzun bir müddət əsirlik həyatı yaşadığı illər ərzində rayon talançılığa məruz qaldı. Evlərimiz sokülərək daşları Ermənistana aparıldı, klassik Şərq üslubunda tikilmiş və hər daşında min illərin tarixini özündə əks etdirən abidələrimiz, müqəddəs yerlərimiz yerlə yeksan edildi.  

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Beləliklə, dahi Heydər Əliyev böyük bir Zəfərin əsasını qoydu. Sonrakı illərdə humanizm prinsiplərini prioritet seçən rəsmi Bakının sülh çağırışlarına məhəl qoymayan Ermənistan beynəlxalq hüququn normalarını ayaqlar altına ataraq təmas xəttində gərginlik yaradaraq, ölkəmizə qarşı hərbi güc tətbiq etdi.  

 

Düşmən təxribatlarına cavab olaraq Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ordumuz Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad etdi.

 

Füzuli uğrunda döyüşlər Cənub-Şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli və ən ağır döyüşlərdən biri kimi uzun müddət düşmən yaddaşından silinməyəcək.  

 

Otuz il ərzində təmas xəttində möhkəmlənərək, keçilməz istehkamlar, sədlər qurmuş düşmənə elə gəlirdi ki, bu işğal əbədidir. Bütün bunların fonunda tanınmış hərbi mütəxəssislər də hesab edirdilər ki, Füzulini düşməndən təmizləmək çətin bir proses və ən yaxşı halda buna nail olmaq üçün aylarla vaxt lazım olacaq. Ancaq  heç bir istehkam, sədd tanımayan peşəkar ordumuzun sücaəti, qəhrəmanlığı nəticəsində qısa müddət ərzində  Füzuli uğrunda döyüşlərdə  düşmən son mərhələdə silahını  yerə qoyub rüsvayçı şəkildə qaçmağa məcbur oldu. Təkcə Ermənistan, hərbi mütəxəssislər, eləcə də dünya Azərbaycan Ordusunun timsalında qəhrəmanlığı, peşəkarlığı təlimlərdə, döyüş filmlərində deyil, gerçək savaş meydanında gördülər və heyrət etdilər. 

 

Bir daha əmin oldular ki, Prezident İlham Əliyev demişkən, “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq”.

 

Bəli, ölkəmiz bu işğalla barışmadı və dövlətimizin başçısının sərkərdəliyi altında Vətən bütövləşdi, xalqın  bir qərinəlilk nisgili bitdi. İndi Füzuli azaddır, öz doğma sakinlərinə qucaq açıb və barbarcasına dağıdılmış bu rayon geniş quruculuq ünvanına çevrilib.  

 

Qısa müddət ərzində rayon ərazisində yol infrastrukturu sahəsində böyük işlər görülüb. Belə ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi başa çatdırılıb, Horadiz-Ağbənd, Ağdam-Horadiz, Füzuli-Hadrut yollarında tamamlanma işləri aparılır. Dövlətyarlı kəndində “Ağıllı kənd”in inşası aparılır. Bütövlükdə Füzuli şəhərlərinin Baş planı artıq təsdiqlənib və 2026-cı ilədək bərpa işlərinin başa çatdırılması planlaşdırılır.

 

Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikintisi isə bütövlükdə Qarabağın bərpa-quruculuq prosesində ciddi bir hadisə oldu. Bir sözlə, Müzəffər Ali Baş komandanın hərbi-siyasi qüdrərti ilə işğaldan azad olunan Füzuli özünün ikinci həyatına başlayır. Bu sevinci Azərbaycana bəxş edən Prezident İlham Əliyevə və ordumuza minnətdarlıq sözlə ifadə oluna bilməz. Bugünkü qüdrətimizin fonunda düşmən ancaq Füzulinin inkişafına qibtə edə bilər. Füzuli azadlığın və inkişafın xoşbəxtliyini yaşayır.

 

Əziz Füzuli, azadlığın mübarək!

 

Rəşad Mahmudov,

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı