Modern.az

İsmayıl Ömərovun 60 yaşı tamam oldu

İsmayıl Ömərovun 60 yaşı tamam oldu

Aktual

20 Fevral 2014, 09:45

Modern.az xəbər verir ki, bu gün İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərovun doğum günüdür. İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstanın Borçalı mahalında, Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçib. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü" və digər teleserialların müəllifi və aparıcısı olub. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyalarının araşdırıcısıdır.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnən İ.Ömərov 2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olub.

2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaradıb.

Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.

"Qızıl qələm" və "Araz" mükafatlarının laureatıdır. Azərbaycanın əməkdar incəsənət xadimidir.

Millət vəkili Sabir Rüstəmxanlı görkəmli jurnalisti ad günü münasibətilə təbrik etdi və onun haqqında fikirlərini Modern.az-la bölüşdü:
“İsmayıl Ömərov keçmiş millət vəkili kimi həmkarım, dostumdur. Uzun illər Azərbaycan televiziyasında səmərəli fəaliyyət göstərən bir jurnalistdir. Bunların hamısından əvvəl İsmayıl İctimai Televiziyanın qurucusu, onu ayağa qaldıran, onu şəkilləndirən, onu ətə-qana dolduran, formasını, məzmununu, yolunu göstərən bir adamdır. Bu səbəbdən mənim ona çox böyük hörmətim var. İctimai Televiziya yarananda hamı elə təsəvvür edirdi ki, bu televiziya 2-ci, 3-cü dövlət televiziyası olacaq. Azərbaycanda fəaliyyət göstərən proqramların dövlət siyasətini dəstəkləməsi normaldır. İsmayıl Ömərov məhz dövlətin, xalqın milli maraqlarına, Azərbaycanın dövlətçilik ənənlərinə riayət edərək İctimai Televiziyanı yaratdı. Düşünürəm ki, buna da nail oldu. Onun vaxtında  İctimai Televiziyanın qapıları bütün ziyalılara, sənət adamlarına açıldı. Türkiyə “TRT-Avaz” vasitəsilə ilə telekörpü quruldu. Təəssüf ki, indi bağlanıb. Ögey-doğmalıq fərqi qoyulmadan bu kanal yola çıxdı. İsmayılın dövründə ictimai TV-nin efiri hamıya açıq idi. Düşünürəm ki, bu İsmayıl Ömərovun ən böyük uğurlarından biri idi. İctimai Televiziya Azərbaycanı “Evrovision” yarışında Avropa teleməkanına çıxartdı. Onun vaxtında Azərbaycan təmsilçiləri birinci oldu. Bu birincilik sayəsində də bütün Avropa sənətçiləri Azərbaycana gəldi. Burada möhtəşəm saray tikildi. Orada möhtəşəm musiqi yarışı keçirildi. Bütün bunların hamısında İsmayıl Ömərovun xidmətləri var. Bunu heç kim dana bilməz. Baxmayaraq ki, indi narazılıq yaranıb, oradan uzaqlaşıb. Onun əvvəlki işlərini heç kim dana bilməz, kölgə sala bilməz. Harda olmasından asılı olmayaraq, İsmayıl Ömərov Azərbaycanın milli maraqlarını hər zaman qoruyan bir insandır”.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı