Modern.az

Restorana oxşayan İcra Hakimiyyəti binaları - PROBLEM

Restorana oxşayan İcra Hakimiyyəti binaları  - PROBLEM

کشور

31 İyul 2013, 11:05


Əksər dünya ölkələrində dövlət idarələrinin, inzibati binaların hamısı xarici görünüşü, arxitektura, tikinti üslubuna görə eynilik təşkil edir. Azərbaycanda isə tam tərsinədir. Eyni funksiyanı yerinə yetirən iki inzibati orqana məxsus binalarından heç biri bir-birinə oxşamır. Məsələn, rayonların İcra hakimiyyətlərinin binalarını götürək... Vay o gündən ki, rayona yeni icra başçısı təyin oluna. Yeni gələn başçı işlədiyini nümayiş etdirmək üçün bir müddət başlayır “yenidənqurma işləri”nə. İlk işi isə İcra Hakimiyyətinin binasının xarici görünüşünü dəyişmək olur. Təbii ki, divarları qaşımaqla. Sonra yavaş-yavaş inzibati bina hansısa restorana, yaxud şadlıq evinə oxşamağa başlayır.  

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri rəhbəri Cahangir Qocayev Modern.az saytına bildirib ki, adətən hər bir binanın tikinti layihəsini sifarişçi verir və memar da həmin layihəyə uyğun olaraq binanın inşasını aparır. Amma inzibati binaların xüsusi norması var. Bu normalar isə daxildəki iş üçündür. Xarici görkəm daha çox memarların təxəyyülü əsasında formalaşır.

“İnzibati binaların xarici görünüşü ilə bağlı xüsusi bir normalar yoxdur. Sovet dövründə birtipli layihələr var idi. Memarlıq fəaliyyəti haqqında qanuna görə, birtipli layihələrin, təkrar olunan layihələrin işlənməsi məqsədəuyğun sayılmır. Əlbəttə ki, xarici görünüş milli arxitekturaya uyğun olmalı və ətrafdakı binalarla uyuşmalıdır”.

Cahangir Qocayev deyir ki, inzibati binaların fasadlarını dəyişdirmək isə layihə əsasında olmalıdır. “İcra başçıları yeni təyin olunan kimi nəinki İcra hakimiyyətlərinin binalarını, hətta dağılmayan daşı da dəyişib yerinə yenisini yerləşdirir. Məsələn, rayona yeni icra başçısı təyin olunan kimi ilk olaraq ala qapını sökdürməyə başlayır. Tutalım ki, rayona giriş Zərdabda sağ tərəfdə yazılırdısa, yeni icra başçısı gələn kimi onu sökdürüb sol tərəfə köçürür. Və ya həmin rayonun adı yaşıl həriflə yazılıbsa, onu dəyişib qırmızı hərflə yazırdırır. Nəyə lazımdı bu?! Ən azı israfçılıqdır. İkincisi isə köhnə icra başçısının zövqünə hörmətsizlikdir. Abadlaşdırma haqqında yeni məcəlləyə görə, layihə ilk olaraq bizim komitəyə göndərilməli. Bu qərar bəyəniləndən sonra təsdiqlənib işlərə başlanıla bilər”.     

Millət vəkili Vahid Əhmədov deyir ki, Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi  kimi qanunlar qəbul olunub. Bu qanunlara uyğun olaraq hər bir bölgənin, yerin planı hazırlanır.
“Həmin plana uyğun tikinti aparılır. Təəssüf ki, bizdə bu yoxdur. İstənilən icra başçısı, bələdiyyə sədri istədiyi kimi özünə bina tikə bilər, istifadəyə verə bilər. Hətta Azərbaycanda qəbul olunmuş qanuna uyğun olaraq razılaşdırılmalıdır. Çünki yeni qəbul olunan məcəlləyə uyğun olaraq planlar işlənib hazırlanmalıdır. Ona uyğun da binalar tikilib istifadəyə verilməlidir. Düzdür, hələki bu qanun işləmir. Amma qanun var, deməli, ona riayət etmək lazımdır”.

Azərbaycanın əməkdar memarı Ömər Qoçu hesab edir ki, binalar kiminsə zövqü ilə yaranmır. Onun sözlərinə görə, binanın daxilində gedən proseslərə uyğun olaraq layihələndirilməlidir.
“Məsələn, inşa olunan bina sənaye obyektidirsə, xarici görünüşü də sənaye obyektlərinə uyğun olmalıdır. Həmçinin otellərin tikintisi, eləcə də inzibati binaların xarici görünüşü binanın hansı funksiyanı yerinə yetirməsindən asılı olmalıdır”.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı