Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüş keçirilib.
Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində ötən il 4 Türkiyə təşkilatının layihəsinin maliyələşdirildiyini bildirən Azay Quliyev bunların hər biri ilə bağlı səfirə ətraflı məlumat verib. A. Quliyev Şuranın dəstəyi ilə keçirilən xarici layihələrin Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr edildiyini qeyd edib.
Azay Quliyev iki dövlətin icraedici strukturları və parlamenti arasında yüksək səviyyədə münasibətlərin olmasına rəğmən vətəndaş cəmiyyəti inistitutları arasında əməkdaşlığın səviyyəsinin qaneedici olmadığını bildirib.
Şura sədri Azərbaycan və Türkiyə arasında QHT sahəsində Anlaşma Memorandumunun imzalanması, iki ölkənin vətəndaş cəmiyyətlərinin I forumunun keçirilməsi və ortaq layihələrin dəstəklənməsi ilə bağlı təkliflərini səsləndirib. Səfir verilən təklifləri müsbət qarşıladığını və səlahiyyətləri çərçivəsində onların reallaşmasına yardım edəcəyini bildirib.
Modern.az