Bu gün Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AzərTAc-a bildiriblər ki, iclasın gündəliyinə beşinci qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti, resipiyentlər tərəfindən quruma təqdim olunan sənədlərin siyahısına dəyişikliklər olunması və digər məsələlər daxil edilib. Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov beşinci qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1065 layihə təklifi daxil olub. Fevral-aprel ayları ərzində layihələr Fondda sistemləşdirilib və təhlil olunub, hər biri haqqında annotasiya və rəy hazırlanmış, bəzi müraciətçilərlə görüşlər keçirilib. Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə ictimai əhəmiyyət kəsb edən, gənclərin sosial, fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 135, “B” kateqoriyası üzrə 13 və “C” kateqoriyası üzrə 288 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 436 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 milyon 581 min 600 manat vəsaitin ayrılması qərara alınıb (həmin layihələrin siyahısı 2014-cü il mayın 5-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir).